Müəllimlik sadəcə bir peşə deyil. Bu, insan ömrünün ən böyük hissəsini başqalarının gələcəyinə həsr etmək, illər sonra yetişdirdiyin şagirdlərin uğurlarında öz əməyinin izlərini görməkdir. Hər il 5 oktyabrda qeyd olunan Müəllimlər Günü də məhz bu müqəddəs əməyə, müəllimlərin cəmiyyət qarşısındakı böyük xidmətlərinə verilən dəyərin ifadəsidir.
Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikri müəllimlik peşəsinin mahiyyətini ən qısa və ən dəqiq şəkildə ifadə edir. Çünki millətin gələcəyi məktəb partalarından, müəllimin verdiyi bilikdən, aşıladığı dəyərlərdən və yetişdirdiyi şəxsiyyətlərdən keçir.

Bu baxımdan ömrünün təxminən 40 ilini pedaqoji fəaliyyətə həsr edən, bu gün Mingəçevir şəhər 22 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərən Zülfiyyə Əliyevanın həyat və fəaliyyət yolu xüsusi qeyd olunmağa layiqdir.
Zülfiyyə Əliyevanın pedaqoji fəaliyyəti 1987-ci ildə Ağdam rayonunda başlayıb. 2000-ci ilə qədər Ağdamda müəllim kimi fəaliyyət göstərən Zülfiyyə xanım öz ixtisasına daim məsuliyyətlə yanaşıb. O, Azərbaycan Dillər Universitetinin İngilis-Alman dili fakültəsini bitirib və uzun illər ingilis dili müəllimi kimi şagirdlərin xarici dil biliklərinin formalaşmasına töhfə verib.
2000-ci ildən sonra pedaqoji fəaliyyətini Mingəçevir şəhərində davam etdirən Zülfiyyə Əliyeva 2011-ci ilə qədər Yaşar Muradov adına məktəbdə ingilis dili müəllimi kimi çalışıb. Onun müəllimlik fəaliyyəti ərzində qazandığı təcrübə, şagirdlərlə qurduğu sağlam münasibətlər və pedaqoji yanaşması sonrakı fəaliyyətində də mühüm rol oynayıb.

2011-ci ildə Zülfiyyə Əliyeva Mingəçevirdə fəaliyyət göstərən 47 saylı Ağdam məktəbinə direktor təyin olunub. Beləliklə, onun pedaqoji fəaliyyətində yeni mərhələ başlayıb. Müəllim kimi sinif otağında şagird yetişdirən Zülfiyyə xanım bu dəfə bütöv bir məktəb kollektivinin fəaliyyətinə rəhbərlik etməyə başlayıb.
2025-ci ildə məktəblərin optimallaşdırılması nəticəsində Ağdam rayonunun 52 saylı məktəbinə direktor təyin olunan Zülfiyyə Əliyeva daha sonra, ötən ilin yanvar ayından etibarən aparılan optimallaşdırma tədbirləri çərçivəsində Mingəçevir şəhər 22 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunub. Hazırda da bu vəzifədə fəaliyyətini davam etdirir.
Bu gün məktəbdə 60 nəfərlik pedaqoji kollektiv və 420 şagird təhsil alır. Məktəbin əldə etdiyi nəticələr isə burada aparılan işin göstəricilərindən biridir.
Cari tədris ilində məktəbin 22 məzunundan 21-i ali məktəbə sənəd verib və onların hər biri tələbə adını qazanıb. Məzunlar arasında yüksək nəticə göstərən şagirdlərin olması isə məktəbin uğurlarını daha da diqqətçəkən edir. Belə ki, iki şagird yüksək balla Qarabağ Universitetinin Tibb fakültəsinə, digər bir məzun isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub.
Əslində isə müəllimin uğuru yalnız bir ilin statistik göstəriciləri ilə ölçülmür. Müəllimin ən böyük nəticəsi illər sonra qarşısına çıxan, artıq müxtəlif sahələrdə çalışan yetirmələridir.
Zülfiyyə Əliyevanın təxminən 40 illik pedaqoji fəaliyyəti ərzində neçə-neçə şagirdin həyatına toxunduğunu, neçə gəncin gələcək yolunun formalaşmasına töhfə verdiyini hesablamaq çətindir. Bu gün onun vaxtilə dərs dediyi, yol göstərdiyi yetirmələri ilə çiyin-çiyinə çalışması isə müəllim əməyinin ən gözəl mənzərələrindən biridir.
Zülfiyyə xanım müəllim həmkarlarına böyük hörmətlə yanaşır. Onun üçün müəllimlik kollektiv daxilində sadəcə vəzifə bölgüsü deyil, həm də qarşılıqlı hörmət, etimad və həmrəylik deməkdir. Xüsusilə hazırda təqaüddə olan müəllim Validə xanım Əlizadəyə böyük hörmət bəslədiyini qeyd edən Zülfiyyə Əliyeva müəllim əməyinin insan həyatında qoyduğu izlərin illər keçsə də silinmədiyini vurğulayır.
Onun həyat yolu da ailə və peşə məsuliyyətinin vəhdəti ilə müşayiət olunub. Həyat yoldaşı həkimdir. İki övladından biri hazırda Amerikada yaşayır, digəri isə hüquqşünas kimi fəaliyyət göstərir.
Bir müəllimin həyatına nəzər salanda onun yalnız dərs dediyi illəri deyil, yetişdirdiyi insanların həyatını da görmək mümkündür. Zülfiyyə Əliyevanın pedaqoji yolu da məhz belə bir ömrün nümunəsidir – Ağdamda başlayan, Mingəçevirdə davam edən və bu gün də məktəb mühitində yeni nəsillərin yetişdirilməsi ilə davam edən uzun və zəngin bir yol.
Heydər Əliyevin “Müəllim adı yüksək addır. Müəllimlik sənəti çox şərəfli sənətdir” fikri belə insanların fəaliyyətində öz mənasını tapır.
Müəllim illər keçdikcə yaşlanmır, onun əməyinin nəticələri böyüyür. Bir vaxtlar məktəb partasında oturan şagird bu gün həkim, hüquqşünas, mühəndis, müəllim və ya başqa bir peşənin sahibi ola bilər. Lakin onun həyatında ilk böyük izlərdən birini qoyan müəllim heç vaxt unudulmur.

5 Oktyabr – Müəllimlər Günü ərəfəsində Zülfiyyə Əliyevanın 40 ilə yaxın pedaqoji fəaliyyət yolunu xatırlamaq da məhz bu baxımdan əhəmiyyətlidir.
Bu, yalnız bir direktorun və ya bir müəllimin fəaliyyət hekayəsi deyil. Bu, ömrünü təhsilə həsr edən bir pedaqoqun, yetişdirdiyi yüzlərlə şagirdin və illər ərzində formalaşdırdığı böyük məktəb ənənəsinin hekayəsidir.
Çünki müəllimin ən böyük əsəri kitabda deyil, yetişdirdiyi insanın həyatındadır.
Esmira Hidayətova, Mingəçevir