Azərbaycan Polisi Günü münasibətilə Mingəçevir şəhərində təntənəli tədbir keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, polis əməkdaşları, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Daha sonra onlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

Bölgə müxbirinin verdiyi məlumata görə, tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların, eləcə də xidməti vəzifələrini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev çıxış edərək əvvəlcə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladığı təbrik teleqramını oxuyub. O, Azərbaycan polisinin şərəfli inkişaf yolundan, dövlətçiliyin qorunmasında və ictimai asayişin təmin olunmasında polis orqanlarının mühüm rolundan bəhs edib.

Ədalət Əliyev çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanına əsasən hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur. O, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi və vətəndaşların hüquqlarının qorunması istiqamətində uğurlu fəaliyyət göstərdiklərini vurğulayıb.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıb.

O, qeyd edib ki, Azərbaycan polisi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, ictimai sabitliyin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Bayram münasibətilə Mingəçevir Şəhər Polis Şöbəsinin və Şəhər Mühafizə Şöbəsinin bir qrup əməkdaşına Mingəçevir Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Eyni zamanda xidmətdə yüksək nəticələr göstərən polis əməkdaşları pul mükafatları, növbəti xüsusi rütbələr, paqonlar və digər təltiflərlə mükafatlandırılıblar.

Mingəçevir şəhər prokuroru Pərvin Quliyev də çıxış edərək Azərbaycan polisinin dövlətə və xalqa daim sədaqətlə xidmət etdiyini bildirib. O vurğulayıb ki, ölkədə polis orqanlarının fəaliyyətinin daha da gücləndirilməsi üçün müasir maddi-texniki baza yaradılıb, hüquq-mühafizə orqanları ilə ictimaiyyət arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq uğurla inkişaf etdirilir.

Çıxış zamanı Mingəçevir polisinin son illərdə əldə etdiyi uğurlar da xüsusi qeyd olunub.
Tədbirdə iştirak edən polis veteranları çıxış edərək peşə bayramı münasibətilə gənc polis əməkdaşlarını təbrik edib, onlara şərəfli xidmət yollarında uğurlar arzulayıblar.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə daha bir təltif də media nümayəndəsinə təqdim edilib. Xeberler.info saytının əməkdaşı Esmira Hidayətova polis orqanlarının fəaliyyətinin operativ və obyektiv şəkildə işıqlandırılmasına verdiyi töhfəyə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev tərəfindən təltif olunub.

Rəsmi hissənin ardından Azərbaycan Polisi Gününə həsr olunmuş bayram ziyafəti təşkil edilib. Burada polis əməkdaşlarının peşə bayramı bir daha təbrik olunub, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Esmira Hidayətova, Mingəçevir