Azərbaycan kino və teatr sənətinin tanınmış nümayəndələrindən biri, istedadlı rejissor Cavid Təvəkkül bu gün 52 yaşını qeyd edir.
Prezident mükafatçısı, “Tərəqqi” medalı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü olan Cavid Təvəkkül yaradıcılıq fəaliyyəti boyunca milli mədəniyyətimizin inkişafına mühüm töhfələr verib. O, beynəlxalq və respublika səviyyəli müsabiqələrdə qazandığı 12 Qran-Pri mükafatı ilə Azərbaycan sənətinin uğurlarını ölkə hüdudlarından kənarda da layiqincə təmsil edib.
Cavid Təvəkkül müxtəlif illərdə İctimai Televiziyanın baş rejissoru, Azərbaycan Kinostudiyasının direktor müavini və Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru vəzifələrində çalışaraq mədəniyyət və incəsənət sahəsində səmərəli fəaliyyət göstərib. Onun müəllifi olduğu tamaşalar, televiziya layihələri və ekran əsərləri tamaşaçıların rəğbətini qazanmaqla yanaşı, sənət ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilib.
Peşəkarlığı, yaradıcılığa bağlılığı və sənətə xidmət missiyası ilə seçilən Cavid Təvəkkül Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus iz qoyan sənət adamlarından biridir.
52 yaşını qeyd edən dəyərli rejissoru ad günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi, yeni uğurlar və uzun ömür arzulayırıq.
Doğum gününüz mübarək, Cavid müəllim!