28 sentyabr — Ümumdünya Quduzluqla Mübarizə Günüdür.
Jurnalist Esmira Hidayətova: Şəfəq xanım, əvvəlcə quduzluğun nə qədər təhlükəli xəstəlik olduğunu izah etməyinizi istərdik. Quduzluq nədir və insan üçün hansı təhlükəni yaradır?

Həkim-infeksionist Şəfəq Kərimova: Quduzluq heyvanlardan insanlara keçə bilən, mərkəzi sinir sistemini zədələyən virus xəstəliyidir. Bu xəstəlik xüsusilə təhlükəlidir, çünki klinik əlamətlər başladıqdan sonra demək olar ki, həmişə ölümcül nəticələnir. Lakin ən mühüm məqam ondan ibarətdir ki, heyvanla riskli təmasdan sonra vaxtında və düzgün profilaktik tədbirlər görüldükdə xəstəliyin qarşısını almaq mümkündür.
Jurnalist: Quduzluq insana əsasən hansı yollarla keçir?
Şəfəq Kərimova: Əsas yol yoluxmuş heyvanın insanı dişləməsidir. Lakin yalnız dişləmə təhlükə yaratmır. Heyvanın cırmaqlaması və ya tüpürcəyinin açıq yaraya, gözə, ağıza və digər selikli qişalara təması da risk yarada bilər.
Quduzluğun mənbəyi yalnız itlər deyil. Sahibsiz və peyvənd olunmamış itlər əsas risk qruplarından hesab olunur. Bununla yanaşı, pişiklər, tülkülər, çaqqallar, yarasalar və digər məməlilər də quduzluğa yoluxa bilər.

Jurnalist: İnsan heyvan tərəfindən dişlənibsə, ilk olaraq nə etməlidir?
Şəfəq Kərimova: Ən vacib məsələ vaxt itirməməkdir. Yara dərhal, ən azı 15 dəqiqə ərzində sabun və bol axar su ilə yuyulmalıdır. Daha sonra antiseptik vasitədən istifadə oluna bilər. Amma insan bununla kifayətlənməməlidir. Mütləq şəkildə mümkün qədər tez tibb müəssisəsinə müraciət etməlidir.
Çünki quduzluqda xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlərin vaxtında başlanması həyati əhəmiyyət daşıyır.
Jurnalist: Bəs tibb müəssisəsində hansı tədbirlər görülür?
Şəfəq Kərimova: Həkim əvvəlcə təmasın xarakterini və risk dərəcəsini qiymətləndirir. Bundan sonra quduzluğa qarşı postekspozisiya profilaktikası başlanıla bilər. Bu profilaktika quduzluq vaksininin tətbiqini, bəzi yüksək riskli hallarda isə quduzluq immunoqlobulininin istifadəsini əhatə edə bilər.
Profilaktikanın konkret sxemi dişləmənin yeri və xarakteri, yaranın vəziyyəti, heyvanın statusu və digər amillər nəzərə alınmaqla həkim tərəfindən müəyyən edilir.

Jurnalist: Bəzən insanlar deyirlər ki, “heyvan peyvənd olunub, ona görə də heç bir təhlükə yoxdur”. Bu yanaşma doğrudurmu?
Şəfəq Kərimova: Xeyr. Peyvənd olunmuş heyvanın dişləməsi də ciddi qəbul edilməlidir. Əlbəttə, heyvanın peyvənd statusu riskin qiymətləndirilməsində nəzərə alınır. Lakin insan dişlənibsə və ya cırmaqlanıbsa, yaranı dərhal yuyub tibb müəssisəsinə müraciət etməlidir.
Bəzi heyvanların qulağında və ya başqa nahiyəsində onların peyvənd statusunu göstərən nişanlama ola bilər. Lakin həmin nişanın olması insanın tibbi yardıma ehtiyac olmadığını göstərmir. Son qərar tibb və baytarlıq mütəxəssislərinin qiymətləndirməsinə əsasən verilməlidir.
Jurnalist: Əgər heyvan sahibsizdirsə və hadisədən sonra qaçıbsa, necə davranmaq lazımdır?
Şəfəq Kərimova: Belə halda profilaktikanı gecikdirmək xüsusilə təhlükəlidir. Heyvanın sağlamlıq vəziyyətini müşahidə etmək mümkün deyilsə, insan mümkün qədər tez tibb müəssisəsinə müraciət etməlidir.
Əgər heyvan tanınırsa və müşahidə edilə bilirsə, onun vəziyyəti baytarlıq mütəxəssisləri tərəfindən qiymətləndirilir. Lakin vaksinasiyanın dayandırılması və ya davam etdirilməsi barədə qərarı yalnız həkim verməlidir.

Jurnalist: Quduzluğun ilkin əlamətləri hansılardır?
Şəfəq Kərimova: İlkin mərhələdə qızdırma, halsızlıq, baş ağrısı, ümumi narahatlıq, həmçinin heyvanın dişlədiyi və ya cırmaqladığı nahiyədə ağrı, yanma, keyimə və qarışqa gəzməsi kimi hisslər yarana bilər.
Xəstəlik irəlilədikcə udma çətinliyi, sudan qorxma – hidrofobiya, güclü həyəcan, davranış dəyişiklikləri və daha sonra iflic inkişaf edə bilər.
Jurnalist: Sizin uzunmüddətli həkimlik fəaliyyətiniz ərzində quduzluq diaqnozu ilə xəstələr olubmu?
Şəfəq Kərimova: Bəli, mənim öz təcrübəmdə quduzluq diaqnozu ilə iki xəstə olub. Təəssüf ki, hər iki xəstəni itirmişik.

Jurnalist: Bu xəstələrdən biri ilə bağlı hadisəni xatırlayırsınız?
Şəfəq Kərimova: Bəli. İlk xəstə taksi sürücüsü idi. Taksi dayanacağında gözlədiyi zaman orada olan kiçik bir küçük onun barmağını dişləmişdi.
Xəstə sonradan müəyyən tibb müəssisəsinə müraciət etmişdi və ona quduzluğa qarşı iynə vurulduğu bildirilmişdi. Lakin sonradan məlum oldu ki, lazımi profilaktik vaksinasiya aparılmayıb.
Təxminən 38 gün sonra xəstə bizim şöbəyə gətirildi. Həmin vaxt artıq quduzluğun xarakterik klinik əlamətləri müşahidə olunurdu. Güclü həyəcan, sudan qorxma – hidrofobiya, işığa qarşı həssaslıq və digər nevroloji əlamətlər meydana çıxmışdı.
Xəstənin vəziyyəti getdikcə ağırlaşdı, sonradan iflic inkişaf etdi və təəssüf ki, xəstə vəfat etdi.
Bu hadisə göstərir ki, quduzluqda profilaktikanın düzgün və vaxtında aparılması son dərəcə vacibdir.

Jurnalist: İkinci xəstə necə yoluxmuşdu?
Şəfəq Kərimova: İkinci xəstə qadın idi. Küçədə yaşayan bir heyvana yemək verərkən həmin heyvan tərəfindən cırmaqlanmışdı. Qadın evdə həyat yoldaşına hadisəni danışaraq onu tibb müəssisəsinə aparıb iynə vurdurmağı xahiş etmişdi. Lakin təəssüf ki, hadisə ciddi qəbul edilməmişdi.
Təxminən bir aydan artıq müddət sonra qadının davranışlarında dəyişiklik yaranmış, aqressivləşmiş və vəziyyəti kəskin pisləşmişdi.
Xəstə bizim şöbəyə gətiriləndə artıq quduzluğa xas əlamətlər müşahidə olunurdu. Güclü həyəcan, ağızdan çoxlu tüpürcək və ifrazat gəlməsi kimi hallar vardı. Xəstə izolyasiya şəraitində saxlanıldı, vəziyyətini nəzarətdə saxlamaq üçün sakitləşdirici preparatlardan istifadə edildi. Təəssüf ki, xəstə cəmi bir neçə gün sonra vəfat etdi.

Jurnalist: Deməli, insanlar bəzən kiçik cırmaqlanmanı belə təhlükəli hesab etmirlər.
Şəfəq Kərimova: Bəli, bu, ciddi problemdir. İnsanlar bəzən “heyvan sadəcə cızdı”, “qan çıxmadı”, “yara balacadır” deyə hadisəyə əhəmiyyət vermirlər. Halbuki quduzluq baxımından riskli təmasın qiymətləndirilməsi yalnız yaranın böyüklüyü ilə müəyyən edilmir.
Xüsusilə sahibsiz və ya heyvanın quduzluq statusu məlum deyilsə, belə təmaslar ciddi qəbul edilməlidir.
Jurnalist: Quduzluq virusu yalnız dişləmə ilə ötürülür?
Şəfəq Kərimova: Xeyr. Virus yoluxmuş heyvanın tüpürcəyi ilə ötürülə bilər. Tüpürcəyin açıq yaraya, gözə, ağıza və digər selikli qişalara düşməsi də risk yarada bilər.
Ona görə insan yalnız dişləməni deyil, belə təmasları da ciddi qəbul etməlidir.
Jurnalist: Bəzən quduzluğun çox uzun müddətdən sonra üzə çıxdığı barədə məlumatlar yayılır. Bu mümkündürmü?
Şəfəq Kərimova: Quduzluğun inkubasiya müddəti dəyişə bilər və bəzi hallarda xəstəliyin mənbəyini müəyyənləşdirmək çətin olur. Tibbi ədəbiyyatda əvvəlki heyvan təmasının xatırlanmadığı və ya uzun müddət əvvəl baş verdiyi hallar haqqında məlumatlar var.
Mənim oxuduğum belə hadisələrdən birində qadın ayağından it tərəfindən cızılmış, lakin həmin cırmaqlanmaya əhəmiyyət verməmişdi. Uzun müddət sonra quduzluğun əlamətləri yaranmışdı. Sonradan aparılan araşdırmada ehtimal olunan mənbənin təxminən bir il əvvəl baş vermiş həmin təmas olduğu müəyyən edilmişdi.
Bu səbəbdən insan “hadisədən bir neçə gün keçib, deməli təhlükə yoxdur” düşüncəsinə qapılmamalıdır.
Jurnalist: Bəs heyvan müşahidəyə götürülərsə, insan vaksinasiya olunmalıdırmı?
Şəfəq Kərimova: Bu, konkret hadisədən asılıdır. Bəzi hallarda heyvan müşahidəyə götürülür və onun sağlamlıq vəziyyəti baytarlıq mütəxəssisləri tərəfindən qiymətləndirilir. Heyvanın vəziyyətinə uyğun olaraq insanın profilaktikasının davam etdirilməsi və ya digər qərarlar həkim tərəfindən müəyyən edilir.
Vaksinasiyanın neçə doza davam etməsi və hansı sxemin tətbiq olunması da konkret vəziyyətə və mövcud tibbi protokollara uyğun olaraq müəyyənləşdirilir.
Jurnalist: Şəfəq xanım, müsahibəmizin sonunda insanlara əsas tövsiyəniz nə olardı?
Şəfəq Kərimova: Əsas tövsiyəm budur: heyvan dişləməsini və ya cırmaqlamasını heç vaxt adi yara kimi qəbul etməyin.
İnsan it, pişik və ya digər məməli heyvan tərəfindən dişlənibsə və ya cırmaqlanıbsa, xüsusilə də heyvan sahibsizdirsə və ya onun quduzluq statusu məlum deyilsə, yaranı dərhal sabun və bol axar su ilə, ən azı 15 dəqiqə yumaq və gecikmədən tibb müəssisəsinə müraciət etmək lazımdır.
Ən böyük səhv xəstəliyin əlamətlərinin yaranmasını gözləməkdir. Quduzluqda əsas məsələ məhz bundan əvvəl, yəni riskli təmasdan dərhal sonra profilaktik tədbirlərin görülməsidir.
Unutmayaq ki, klinik əlamətlər başladıqdan sonra xəstəliyin nəticəsi çox ağır olur. Halbuki vaxtında və düzgün aparılan profilaktika insan həyatını xilas edə bilər.
idealxeber.az