Baharın gəlişi ilə əlaqədar Mingəçevir şəhərində genişmiqyaslı ümumşəhər iməciliyi təşkil olunub. Şəhərin müxtəlif ərazilərini əhatə edən iməcilik aksiyası çərçivəsində küçə və prospektlərdə, park və istirahət guşələrində təmizlik və abadlıq işləri həyata keçirilib.

Keçirilən iməcilikdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da iştirak edib. Şəhər rəhbəri görülən işlərlə yerində tanış olub, abadlıq və təmizlik işlərinin daha səmərəli şəkildə aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Ümumşəhər iməciliyinə şəhərin idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər və könüllülər fəal şəkildə qoşulublar. Aksiya çərçivəsində yaşıllıq zolaqları təmizlənib, ağacların dibləri bellənib, qurumuş budaqlar yığışdırılıb, park və xiyabanlarda səliqə-sahman yaradılıb.

Bununla yanaşı, şəhərin müxtəlif küçə və məhəllələrində məişət tullantıları toplanaraq ərazilərdən kənarlaşdırılıb, yol kənarlarında təmizlik işləri aparılıb. Baharın gəlişi ilə əlaqədar olaraq şəhərin estetik görünüşünün yaxşılaşdırılması məqsədilə bir sıra ərazilərdə abadlıq və yaşıllaşdırma tədbirləri də həyata keçirilib.

Qeyd olunub ki, bu cür iməcilik aksiyaları şəhərin təmizliyinin və səliqəsinin qorunmasına, eyni zamanda sakinlər arasında ekoloji mədəniyyətin və ictimai məsuliyyət hissinin gücləndirilməsinə xidmət edir.

Mingəçevir sakinləri də iməcilik aksiyasını yüksək qiymətləndirərək şəhərin daha da gözəlləşməsi və abadlaşması üçün belə təşəbbüslərin mütəmadi olaraq davam etdirilməsinin vacibliyini vurğulayıblar. Keçirilən ümumşəhər iməciliyi nəticəsində Mingəçevirin bir sıra ərazilərində nəzərəçarpacaq təmizlik və abadlıq işləri görülüb, şəhər baharı daha səliqəli və gözəl şəkildə qarşılamağa hazır vəziyyətə gətirilib.



Esmira Hidayətova, Mingəçevir