Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bunun ən parlaq nümunələrindən biri Londondur. “London mədəniyyəti iqtisadi modelə çevirib. London meriyasının məlumatlarına görə, şəhərin yaradıcı sənayeləri hər saat təxminən 10 milyon funt sterlinq iqtisadi dəyər yaradır. Londonda hər altı iş yerindən biri yaradıcı iqtisadiyyatla əlaqəlidir. Mədəniyyət və yaradıcılığın şəhər iqtisadiyyatına illik töhfəsi isə 52 milyard funt sterlinq səviyyəsində qiymətləndirilir”, – o vurğulayıb.
T. Mirkişili əlavə edib ki, mədəni turizm də bu sistemin mühüm hissəsidir: “London mədəni turizmdən hər il milyardlarla funt gəlir əldə edir. Moda həftələri şəhərin qlobal imicinə milyardlarla funt sterlinq PR dəyəri qazandırır. Rəssamlar, kiçik qalereyalar, dizaynerlər, istehsalçılar və çərçivə emalatxanaları Londonu dünyanın aparıcı incəsənət mərkəzlərindən birinə çevirən böyük ekosistemin hissələridir”.
Onun fikrincə, burada əsas məsələ rəqəmlərdən daha böyükdür:
“London mədəniyyətə xərc kimi deyil, iqtisadi aktiv kimi yanaşır. Məhz bu yanaşma şəhərin qlobal brendinə, turizminə, investisiya cəlbediciliyinə, məşğulluğuna və innovasiya potensialına təsir edir”.
Deputat hesab edir ki, bu, Azərbaycan üçün də yeni imkan açılır:
“Yəni Azərbaycan üçün də bu modelin böyük əhəmiyyəti var. Çünki Azərbaycanın iqtisadi potensialı yalnız sənaye, enerji, nəqliyyat və ticarətlə məhdudlaşmır. Ölkənin ən böyük, lakin tam kommersiyalaşdırılmamış resurslarından biri də mədəni kapitalıdır.
Azərbaycanın musiqisi, muğamı, xalçaçılığı, memarlığı, mətbəxi, ədəbiyyatı, kino sənəti, milli geyimləri, tətbiqi sənəti, tarixi şəhərləri və Qarabağ mədəni irsi həm milli dəyər, həm də düzgün qurulduğu halda qlobal iqtisadi məhsuldur. Bu baxımdan 2026-cı ildə “Mədəniyyət haqqında” qanunvericiliyə “mədəni və yaradıcı sənaye” anlayışının daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. Qanun artıq bu sahəni yalnız mədəni fəaliyyət kimi deyil, mədəniyyətə və yaradıcılığa əsaslanan iqtisadi fəaliyyətlərin məcmusu kimi müəyyən edir. Həmçinin innovativ fəaliyyət və tədqiqatların, mədəni və yaradıcı sənaye sahələrinin inkişafının qrant mexanizmləri ilə dəstəklənməsi nəzərdə tutulur”.
Millət qeyd edib ki, bu, əslində, düşüncə modelinin dəyişməsidir:
“Mədəniyyət artıq yalnız dövlət büdcəsindən maliyyələşən sahə deyil. O, öz məhsulunu yaradan, bazara çıxaran, ixrac edən və yeni iş yerləri formalaşdıran iqtisadi ekosistem kimi nəzərdən keçirilə bilər.
Bu istiqamətdə ilk böyük platforma Bakı ola bilər. Bakı artıq beynəlxalq tədbirlərin keçirildiyi, müxtəlif mədəniyyətlərin və biznes əlaqələrinin kəsişdiyi şəhərdir. COP29, Ümumdünya Şəhərsalma Forumu və digər beynəlxalq tədbirlər Bakının qlobal tədbirlər şəhəri kimi imkanlarını nümayiş etdirib. Növbəti mərhələ bu tədbirlərin yaratdığı auditoriyanı yaradıcı iqtisadiyyata bağlamaqdır.
Məsələn, Bakıda dizayn, moda, kino, animasiya, musiqi, rəqəmsal sənət, memarlıq, oyun sənayesi, reklam, media və yaradıcı texnologiyalar üzrə yeni biznes ekosistemi formalaşa bilər. Bu zaman bir rəssamın əsəri yalnız qalereyada nümayiş etdirilən sənət nümunəsi olmayacaq. O, rəqəmsal məhsula, brend dizaynına, turizm məhsuluna və beynəlxalq bazara çıxarılan kommersiya məhsuluna çevrilə bilər. Eyni şeyi milli xalça naxışları, Azərbaycan ornamentləri, muğam, milli musiqi alətləri və milli memarlıq elementləri haqqında da demək mümkündür. Mədəni irs, texnologiya, dizayn, sahibkarlıq və nəticə etibarı ilə yeni iqtisadi məhsul.
Şuşanın isə bu modeldə ayrıca yeri ola bilər. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, gələcəkdə regionun yaradıcı sənaye mərkəzlərindən birinə çevrilə bilər. Burada musiqi, festival, kino, sənətkarlıq, dizayn, yaradıcılıq rezidensiyaları, beynəlxalq incəsənət layihələri və mədəni turizm bir-birini tamamlayan vahid iqtisadi model yarada bilər.
Şuşaya gələn turist yalnız tarixi məkanları ziyarət edən şəxs deyil, həm də festival, konsert, sərgi, sənətkarlıq məhsulu, yerli mətbəx və yaradıcı xidmətlər üçün pul xərcləyən iqtisadi iştirakçıya çevrilir. Beləliklə, mədəniyyət turizmi şəhərin xidmət sektorunu, hotelləri, restoranları, nəqliyyatı, sənətkarlığı və kiçik biznesləri eyni vaxtda hərəkətə gətirir.
Bu proses yalnız Bakı və Şuşa ilə məhdudlaşmamalıdır. Gəncə sənətkarlıq, dizayn, ədəbiyyat və şəhər mədəniyyəti istiqamətində fərqli model yarada bilər. Lahıc, Şəki, Qəbələ, Quba, Lənkəran, Basqal və digər mədəni-tarixi məkanlar özünəməxsus yaradıcı iqtisadiyyat klasterlərinə çevrilə bilər. Burada əsas prinsip hər şəhərin eyni məhsulu istehsal etməsi deyil. Əksinə, hər şəhərin öz mədəni kapitalını iqtisadi məhsula çevirməsi lazımdır.
Yaradıcı iqtisadiyyatın ən mühüm üstünlüyü onun böyük zavodlardan və xammal resurslarından asılı olmamasıdır. Burada əsas kapital insanın ideyasıdır. Bir dizayner, proqramçı, rejissor, musiqiçi, animator, memar, rəssam və ya sənətkar öz ideyasını qlobal bazara çıxara bilər. Bu isə Azərbaycan üçün xüsusilə vacibdir. Çünki yaradıcılıq iqtisadiyyatı gənclər üçün yeni peşələr yaradır, rəqəmsal bacarıqları stimullaşdırır, sahibkarlığı inkişaf etdirir və yüksək əlavə dəyər formalaşdırır.
Bir Azərbaycan dizaynerinin Londonda, Berlində və ya Dubayda satılan məhsulu üçün böyük fiziki zavod lazım deyil. Əsas məsələ ideya, keyfiyyət, brend, rəqəmsal platforma və düzgün marketinqdir. Bu baxımdan yaradıcı iqtisadiyyat Azərbaycanın insan kapitalını ixrac etmədən, onun yaratdığı məhsulu ixrac etmək imkanı yaradır.
Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsində neft və qazdan kənar sahələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat, logistika, rəqəmsal texnologiyalar, yaşıl enerji və turizmlə yanaşı, yaradıcı iqtisadiyyat da Azərbaycanın yeni iqtisadi sahənin mühüm hissəsinə çevrilə bilər. Çünki Azərbaycan artıq təkcə enerji və nəqliyyat xəritəsində deyil, mədəniyyət xəritəsində də mühüm mövqeyə malikdir.
İndi məsələ bu mədəni kapitalı iqtisadi kapitala çevirməkdir. Londonun təcrübəsi göstərir ki, dünya şəhəri olmaq yalnız göydələnlər, maliyyə mərkəzləri və nəqliyyat infrastrukturu ilə ölçülmür. Şəhərin yaratdığı ideyalar, brendlər, incəsənət, dizayn, musiqi, moda və mədəni təcrübələr də onun iqtisadi gücünün bir hissəsidir. Əgər Bakı yaradıcılıq və innovasiya mərkəzinə, Şuşa beynəlxalq mədəniyyət və festival platformasına, Gəncə və digər şəhərlər isə özünəməxsus yaradıcı sənaye klasterlərinə çevrilə bilsə, mədəniyyət yalnız Azərbaycanın keçmişini qoruyan sahə olmayacaq. O, Azərbaycanın gələcəyini yaradan iqtisadi qüvvələrdən birinə çevriləcək”.