22 İyul – Azərbaycan Milli Mətbuat Günü münasibətilə Mingəçevir Bələdiyyəsində şəhərdə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov jurnalistləri peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onların cəmiyyətin düzgün məlumatlandırılması, ictimai rəyin formalaşdırılması və milli mətbuatın inkişafındakı mühüm rolunu yüksək qiymətləndirib.

O, media nümayəndələri ilə bir araya gəlməkdən məmnunluğunu ifadə edərək, jurnalistlərə fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı bələdiyyə sədri rəhbərlik etdiyi qurum tərəfindən şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri, sosial yönümlü layihələr, şəhid ailələri, qazilər və digər həssas kateqoriyadan olan vətəndaşlara göstərilən dəstək tədbirləri barədə ətraflı məlumat verib. Həmçinin qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələr, şəhərin inkişafı istiqamətində planlaşdırılan işlər və bələdiyyənin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı görüləcək tədbirlərdən danışıb.

Səmimi fikir mübadiləsi şəraitində keçən görüşün sonunda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri bələdiyyə tərəfindən təltif olunub, onlara fəxri diplom və xatirə hədiyyələri təqdim edilib.
Esmira Hidayətova, Mingəçevir