Mingəçevir şəhərində kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, məişət tullantılarının vaxtında daşınması və şəhərin təmizliyinin daha səmərəli təmin olunması istiqamətində növbəti addım atılıb. Şəhərə təqdim edilən yeni xüsusi təyinatlı tullantı daşıyan texnika kommunal xidmətlərin imkanlarını genişləndirəcək.

Yeni texnikanın təqdimatı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılovun, şəhərin kommunal xidmətləri üzrə rəhbər şəxslərin, icra hakimiyyətinin əməkdaşlarının, şəhər ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2026-cı il tarixli 307s nömrəli sərəncamı ilə Ekologiya Nazirliyi və Gəncə Avtomobil İstehsalat Birliyi arasında bağlanmış müqavilə əsasında Mingəçevir şəhərinə ödənişsiz təqdim edilən texnika MAZ-6312C5 markalı xüsusi təyinatlı avtomobildir. Təxminən 22 kubmetr tutuma malik olan avtomobilin imkanları şəhərdə məişət tullantılarının daşınması prosesinin daha operativ və səmərəli təşkilinə şərait yaradacaq.

Yeni avtomobilin əsas üstünlüklərindən biri tullantı konteynerlərinin mexaniki sistem vasitəsilə boşaldılması və tullantıların sıxlaşdırılması funksiyasına malik olmasıdır. Bu, həm iş prosesini sürətləndirir, həm də kommunal xidmətlərdə insan əməyindən istifadənin optimallaşdırılmasına kömək edir. Tutumuna görə yeni texnika bir neçə köhnə avtomobilin gördüyü işi əvəz etmək potensialına malikdir.

Şəhər təsərrüfatının müasirləşdirilməsi yalnız yeni texnikanın əldə olunması deyil, həm də sakinlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə əhalinin sıx yaşadığı ərazilərdə məişət tullantılarının vaxtında daşınması şəhərin təmizliyi və sakinlərin rahatlığı üçün vacib şərtlərdən biridir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin mühüm istiqamətlərindən biri də insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, şəhər və rayonlarda kommunal infrastrukturun yenilənməsi, vətəndaşlara göstərilən xidmətlərin gücləndirilməsidir. Mingəçevirə yeni kommunal texnikanın təqdim edilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin şəhər səviyyəsində əhəmiyyətli nəticələrindən biri kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, yeni texnikanın səmərəli istifadəsi kommunal xidmətlərin operativliyinin artırılmasına, tullantıların daşınması prosesinin təkmilləşdirilməsinə və Mingəçevirin daha təmiz, abad şəhər kimi qorunmasına töhfə verəcək. Əsas məqsəd isə əldə olunan texniki imkanların sakinlərin gündəlik həyatında real faydaya çevrilməsi, şəhər əhalisinin rahatlığının və məmnunluğunun artırılmasıdır.
Esmira Hidayətova, Mingəçevir