Mingəçevir Su anbarında iş zamanı iki fəhlənin quyuya düşməsi ilə nəticələnən hadisə baş verib.
Hadisə bu gün günün ikinci yarısında Mingəçevir Su anbarının ərazisində iş aparılan zaman qeydə alınıb. İlkin məlumata görə, iş zamanı iki fəhlə quyuya düşüb. Fəhlələrdən biri quyuya enmək üçün istifadə olunan nərdivanın qırılması nəticəsində aşağı düşərək baş nahiyəsindən xəsarət alıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşları hadisə yerinə operativ şəkildə yollanıblar.
Təcili tibbi yardım briqadasının həkimi Pirverdiyev Xalid və tibb bacısı Ramazanova Əsli xəsarət alan fəhlənin vəziyyətini qiymətləndirmək və ona ilkin tibbi yardım göstərmək üçün təhlükəli şəraitdə quyuya yaxınlaşıblar. Quyunun dərinliyi, iş şəraiti və işıqlandırmanın məhdud olması tibbi heyətin müdaxiləsini daha da çətinləşdirib.
Məlumata görə, həkim Xalid Pirverdiyev və tibb bacısı Əsli Ramazanova öz həyatlarını riskə ataraq telefonun işığından istifadə etməklə quyuda olan xəsarətli fəhləyə çatıb və ona ilkin tibbi yardım göstəriblər. Onların operativ müdaxiləsi nəticəsində fəhlənin vəziyyətinin ağırlaşmasının qarşısının alınması və onun təhlükəsiz şəkildə çıxarılmasına şərait yaradılıb.
Hadisə zamanı təcili tibbi yardım briqadasının sürücüsü Məmmədov Anar da operativ fəaliyyət göstərib. O, briqadanın hadisə yerinə vaxtında çatdırılmasında və xəsarət alan şəxsin tibbi müəssisəyə çatdırılması prosesində iştirak edib.
Hadisə ilə bağlı ilk məlumatın qəbul edilməsi və təcili tibbi yardım briqadasının hadisə yerinə yönləndirilməsində dispetçer Nurəddinova Rəvanənin də operativ fəaliyyəti xüsusi qeyd olunur.
Beləliklə, təhlükəli şəraitdə baş verən hadisəyə tibbi heyətin vaxtında müdaxiləsi nəticəsində quyuya düşən fəhlələrin xilas edilməsinə nail olunub.
Hadisənin digər təfərrüatları və fəhlələrin son vəziyyəti ilə bağlı məlumat dəqiqləşdirilir.
Esmira Hidayətova, Mingəçevir