Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, 27 sentyabr 2020-ci ilə aparan yol isə bir gündə formalaşmamışdı. Təxminən 30 il ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışmışdı. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərlə bağlı dörd qətnaməsi qəbul edilmiş, müxtəlif vasitəçilik formatları yaradılmış, çoxsaylı danışıqlar aparılmışdı. Lakin bütün bunlar ərazilərin işğaldan azad olunması ilə nəticələnməmişdi. Beynəlxalq hüququn tələbləri ilə real vəziyyət arasında getdikcə böyüyən uçurum yaranmışdı.
Bu baxımdan Vətən müharibəsinin əsas siyasi nəticələrindən biri də onilliklər ərzində həll olunmayan məsələnin Azərbaycan tərəfindən öz milli imkanlarına söykənərək həll edilməsi oldu. Dövlət məqsədyönlü şəkildə iqtisadi potensialını artırdı, ordusunu modernləşdirdi, beynəlxalq mövqelərini gücləndirdi və milli məqsəd ətrafında daxili həmrəyliyi qorudu. 2020-ci ilin payızında məhz bu amillərin hamısı vahid nəticəyə çevrildi.
Deputat bildirib ki, 44 gün ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar müasir hərb tarixində sürət, manevr qabiliyyəti və yeni texnologiyaların tətbiqi baxımından diqqət çəkdi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, çoxsaylı kənd və strateji yüksəkliklərin azad edilməsi döyüş meydanında təşəbbüsün Azərbaycanın əlində olduğunu göstərirdi. Şuşanın azad olunması isə müharibənin həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan həlledici nöqtəsinə çevrildi.
Lakin Azərbaycan Zəfərinin ikinci, heç də az əhəmiyyətli olmayan dayağı var idi. 44 gün ərzində cəmiyyətin nümayiş etdirdiyi birlik müharibənin ən mühüm daxili siyasi nəticələrindən biri oldu. Fərqli sosial təbəqələr, müxtəlif siyasi baxışlara malik insanlar, ölkədə və xaricdə yaşayan azərbaycanlılar vahid məqsəd ətrafında birləşdilər. “Dəmir yumruq” anlayışı bu mənada hərbi taktikanın adı olmaqdan çıxaraq dövlət-xalq birliyinin siyasi simvoluna çevrildi.
Vətən müharibəsinin nəticələri noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi müstəvidən siyasi müstəviyə keçdi. Ağdam, Kəlbəcər və Laçının döyüşsüz qaytarılması Azərbaycanın hərbi üstünlüyünün diplomatik nəticəyə çevrilməsi idi. Beləliklə, illərlə danışıqlar masasında qalmış ərazilər məsələsində yeni mərhələ başladı.
“2023-cü ilin sentyabrında isə proses məntiqi davamını tapdı. Lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan bütün ölkə ərazisində konstitusiya quruluşunu və suverenliyini bərpa etdiyini bəyan etdi. Məhz buna görə 27 sentyabr 2020-ci il ilə 20 sentyabr 2023-cü il arasında birbaşa tarixi-siyasi bağlılıq mövcuddur. Birinci tarix ərazi bütövlüyünün bərpası yolunda əsas dönüş nöqtəsi, ikinci tarix isə dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edilməsinin yekun mərhələsi oldu.
Bu gün 27 sentyabra artıq yeni tarixi reallıqdan baxırıq. İşğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər qurulur, yollar çəkilir, məktəblər açılır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bir zamanlar cəbhə xətti olan ərazilər tədricən həyat və inkişaf məkanına çevrilir”, – deyən Sevinc Fətəliyeva əlavə edib ki, döyüş meydanında və diplomatiyada əldə olunan nəticələr sülh gündəliyini də reallığa çevirdi.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin mətni paraflandı, iki ölkənin liderləri Birgə Bəyannamə imzaladı. Otuz ilə yaxın davam edən vasitəçilik cəhdlərinin verə bilmədiyi nəticə 2020-ci ilin payızında yaradılmış yeni reallıq sayəsində mümkün oldu.
Ancaq bütün bu nəticələrin təməlində insan həyatı və fədakarlıq dayanır. Buna görə də 27 sentyabrın Anım Günü kimi qeyd olunması dərin məna daşıyır. Bu tarix bizə nəyə nail olduğumuzla yanaşı, bunun hansı qiymətə başa gəldiyini də xatırladır.
Deputatın fikrincə, 27 Sentyabr Azərbaycan dövlətçiliyinin müasir tarixində iradənin, milli birliyin və strateji ardıcıllığın tarixidir. Altı il sonra həmin günün siyasi mənası daha aydın görünür: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədi, regionda başqalarının yazdığı ssenarilərin obyektindən yeni reallığın müəllifinə çevrildi. Onilliklər boyu danışıqlar masasında həll olunmayan məsələ döyüş meydanında həll edildi, döyüş meydanında qazanılan nəticə isə indi sülh masasında möhkəmlənir.
“27 sentyabr müharibə ilə başlayan, lakin sülhə aparan yolun ilk günüdür. Bu günü xatırlamaq keçmişə boylanmaq deyil, qazanılanı qorumaq və gələcəyi qurmaq məsuliyyətidir”, – deyə millət vəkili vurğulayıb.