Bunu tanınmış vəkil Fərhad Mehdiyev “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, qlobal imperializmin hədəflədiyi və dəstəklədiyi “feminizm” heç də qadınların müdafiəsinə yönəlmir, ailə institunu dağıdıb ailəni bir istehlak vahidi olaraq parçalayıb yerinə birdən çox vahid yaratmaq, ideoloji boşluqlar yaradaraq bundan faydalanmaq məqsədini güdür:
“Bu da öz növbəsində yüksək nisbətdə boşanmalar, boşanmış ailələrdə psixoloji problemli uşaqlar, həzz üçün yaşama, və digər sosial zərərli fenomenlərə yol açır.
Heç SSRİ-də feminizm adını eşitmişdiniz? Amma SSRİ qadınlara qərb dövlətlərindən çox əvvəl seçki hüququnu tanıyıb, onları vəzifəyə gətirmişdi.
Dünyanın ən şirin və mənalı neməti övlad olduğu halda, indiki gənclər ailə qurmaq istəmir, uşaq dünyaya gətirmək istəmir. Valideyn də bir nemətdir, müqəddəsdir, amma bu da öz növbəsində bir övladın mövcudluğunu tələb edir.
İnsanlar ailənin qədrini və dəyərini anlamalı, anlatılmalı, aşılanmalıdır; ailələr üçün xüsusi imtiyaz və proqramlar çoxalmalıdır.
Bəli, ailə bir məsuliyyətdir və yükdür, amma ən mənalı yükdür – əgər insanın övladları üz qaraldan övlad deyillərsə.
Odur ki ailədə kişinin qadının, qarşılıqlı qayğının, böyüyün balacanın yerini bilmək şərtilə ailə qurun, övlad sahibi olun, sevin sevilin”.