2026-cı ildə yaşayırıq. Süni intellektin xəbər istehsalına daxil olduğu, mobil jurnalistin cib telefonundan saniyələr ərzində canlı yayım etdiyi, hadisələrin dünyanın o biri başından bir neçə dəqiqə ərzində milyonlarla insana çatdığı bir dövrdə hələ də ötən əsrin iş prinsipləri ilə fəaliyyət göstərən çap mediası haqqında ciddi suallar yaranır.
Bu gün xəbərin dəyəri saatlarla deyil, dəqiqələrlə, bəzən isə saniyələrlə ölçülür. Oxucu artıq növbəti həftəni gözləmir. O, hadisəni baş verən anda izləyir, canlı yayımı seyr edir, videoya baxır, fotoları görür və müxtəlif mənbələrdən məlumat alır. Bir həftə sonra həmin xəbəri qəzet səhifəsində dərc etmək informasiya vermək deyil, artıq tarixə çevrilmiş hadisəni təkrar çap etməkdir.
Mingəçevirdə fəaliyyət göstərən “Mingəçevir” qəzetinin fəaliyyəti də bu baxımdan müzakirə mövzusudur. Şəhərdə keçirilən rəsmi tədbirlər, müşavirələr və digər ictimai əhəmiyyətli hadisələr barədə materiallar çox vaxt qəzetdə yalnız növbəti nömrədə yer alır. Halbuki həmin tədbirlər davam etdiyi anda onlayn media qurumları xəbəri foto, video və canlı yayımlarla oxucuya çatdırır. Tədbir bitməmiş ictimaiyyət artıq bütün əsas məqamları öyrənmiş olur.
Belə olan halda haqlı sual yaranır: oxucu artıq bildiyi xəbəri niyə günlər və ya həftələr sonra yenidən oxumalıdır?
Müasir jurnalistika təkcə məqalə yazmaqdan ibarət deyil. Mobil reportyorluq, operativ xəbərçilik, sosial şəbəkələrdə aktivlik, video məzmun, rəqəmsal platformalar, süni intellekt alətləri və auditoriya ilə interaktiv əlaqə artıq peşənin ayrılmaz hissəsidir. Bu dəyişikliklərdən kənarda qalmaq medianın öz auditoriyasını itirməsi deməkdir.
Bu gün dövlət televiziyaları belə xəbərləri televiziya efirindən əvvəl sosial şəbəkələrdə paylaşır. Nazirliklər, dövlət qurumları, bələdiyyələr, hətta kiçik təşkilatlar belə Facebook, YouTube, Instagram və digər platformalarda operativ informasiya yayırlar. Belə bir dövrdə yalnız çap üzərində qurulmuş fəaliyyət modeli informasiya məkanının reallıqları ilə uzlaşmır.
Məsələ təkcə qəzet çap etməkdə deyil. Dünyanın nüfuzlu qəzetləri də kağız formatını saxlayırlar. Ancaq onların əsas auditoriyası rəqəmsal platformalardadır. Araşdırma aparırlar, eksklüziv materiallar hazırlayırlar, multimedia imkanlarından istifadə edirlər və oxucuya əlavə dəyər təqdim edirlər. Kağız versiyası isə bu fəaliyyətin yalnız bir hissəsidir.
Bu gün isə cəmiyyət haqlı olaraq soruşur: əgər hansısa media qurumu rəqəmsal transformasiyadan kənarda qalır, operativ xəbər istehsal etmir və auditoriya ilə müasir platformalarda əlaqə qurmursa, onun fəaliyyət modeli yenidən qiymətləndirilməlidirmi?
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında genişmiqyaslı bərpa və quruculuq vəzifələri dayanır. Belə bir mərhələdə dövlət vəsaitinin səmərəli istifadəsi daha da ön plana çıxır. Cəmiyyət gözləyir ki, dövlət dəstəyi alan media qurumları da zamanın tələbinə uyğun yenilənsin, rəqəmsallaşsın, operativ işləsin və ictimaiyyət üçün real informasiya dəyəri yaratsın.
Media dəyişib. Oxucu dəyişib. İnformasiya mühiti dəyişib. Dəyişməyən yalnız köhnə iş prinsipləri qalırsa, bu artıq inkişaf deyil, geridə qalmaqdır. XXI əsrdə medianın əsas meyarı qəzetin neçə səhifə çap olunması deyil, xəbərin cəmiyyətə nə qədər operativ, dəqiq və faydalı çatdırılmasıdır. Rəqəmsal dövrdə bir həftə gecikən xəbər isə artıq xəbər deyil.