Vətən sevgisi bəzən bir insanın bütün arzularından, qurmaq istədiyi ailədən, yaşamaq istədiyi xoşbəxt günlərdən belə üstün gəlir. Elə qəhrəmanlar var ki, onların ömür yolu yarımçıq qalsa da, Vətən uğrunda göstərdikləri fədakarlıq xalqın yaddaşında əbədi yaşayır. Belə igidlərdən biri də 2020-ci ildə Vətən müharibəsində qəhrəmancasına şəhid olan, tank komandiri, gizir Tural Məmmədovdur. Onun həyatı, döyüş yolu, yaralı halda belə silahdaşlarının yanına qayıtması və azadlıq uğrunda apardığı mübarizə bu gün də ailəsinin, doğmalarının və onu tanıyanların qəlbində dərin iz buraxır.
Bu günlərdə Oğuz rayonunun Sincan kəndində Tural Məmmədovun ailəsində olduq, şəhidin ev muzeyi ilə tanış olduq. Burada onun həyatına, uşaqlıq illərinə, hərbi xidmətinə və döyüş yoluna aid xatirələr yaşadılır. Şəhidin valideynləri ilə söhbət zamanı həm qürur, həm də sözlə ifadə olunması çətin olan bir ata-ana həsrəti duyulurdu. Övladını itirən valideyn üçün onun haqqında danışmaq asan deyil. Hər xatirə bir tərəfdən doğma insanın yoxluğunu yada salır, digər tərəfdən isə onun yaşadığı qısa ömrün nə qədər mənalı və şərəfli olduğunu xatırladır. Arif Məmmədov və həyat yoldaşı Aytəkin xanım Turalın uşaqlıq illərindən başlayaraq Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara qədər bir çox xatirələrini bizimlə bölüşdülər.

Uşaqlıqdan qəlbində Vətən sevgisi daşıyan Tural
Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində dünyaya göz açıb. O, 2001-ci ildə kənddə şəhid Əsabəli Abdulhüseynovun adını daşıyan tam orta məktəbin birinci sinfinə daxil olub, 2012-ci ildə həmin məktəbi bitirib. Turalın həyatının ilk mərhələsi doğma kəndində, ailəsinin əhatəsində keçib. Zaman keçdikcə onun qarşısında yeni yollar açılıb, gələcəklə bağlı arzuları formalaşıb. Lakin onun həyat seçimlərində hərb sənətinə olan marağı və Vətənə xidmət etmək istəyi xüsusi yer tutub.
2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Tural üçün hərbi həyat sadəcə bir vəzifəni yerinə yetirmək deyildi. O, hərb sənətini sevirdi, hərbi bilik və bacarıqlarını inkişaf etdirməyə çalışırdı. Xidmət müddəti başa çatdıqdan sonra da orduda qalmaq qərarı verməsi bu istəyin təsadüfi olmadığını göstərirdi. Beləliklə, Tural Məmmədov Müdafiə Nazirliyinin Quru Qoşunlarında gizir rütbəsində xidmətini davam etdirib. Gənc yaşlarından üzərinə düşən məsuliyyəti dərk edən Tural hərbi peşəkarlığını artıraraq tank komandiri kimi formalaşıb.

Aprel döyüşlərindən Vətən müharibəsinə uzanan döyüş yolu
Turalın hərbi həyatında 2016-cı ilin Aprel döyüşləri mühüm mərhələlərdən biri olub. Həmin döyüşlərdə iştirak etməsi ona real döyüş təcrübəsi qazandırıb, hərbi xidmətin nə qədər ciddi məsuliyyət tələb etdiyini bir daha göstərib. O, sonradan Vətən müharibəsi başlayanda artıq döyüş şəraitini görmüş, hərbi tapşırıqların icrasında təcrübə toplamış bir gizir idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi minlərlə Azərbaycan hərbçisi kimi Turalın da həyatında həlledici mərhələyə çevrildi. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda başlayan döyüşlərdə onun əsas məqsədi qarşıya qoyulan tapşırıqları yerinə yetirmək, silahdaşları ilə birlikdə irəliləmək və torpaqlarımızın azadlığına töhfə vermək idi. Tural Suqovuşan və Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Tank komandiri kimi üzərinə düşən vəzifələri yerinə yetirən gənc gizir döyüşlərin ən ağır anlarında belə iradə və əzmkarlıq nümayiş etdirib.
Şəhidin atası Arif Məmmədov danışır ki, oğlu döyüşlərin ilk günlərindən öz cəsarəti və peşəkarlığı ilə seçilib. Onun sözlərinə görə, Tural tankın qarşısına mina zərərsizləşdirmək üçün nəzərdə tutulan xüsusi qurğunun quraşdırılması ilə təhlükəli tapşırıqların icrasında iştirak edib. Belə tapşırıqlar döyüşçüdən yalnız texniki bilik deyil, həm də böyük soyuqqanlılıq və məsuliyyət tələb edirdi. Çünki irəlidəki yolun təhlükəsizliyinin təmin edilməsi digər hərbçilərin hərəkəti və döyüş tapşırıqlarının davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

“Oğlumun ən böyük arzusu Azərbaycan torpaqlarını azad görmək idi”
Arif Məmmədov oğlunun həyatından danışarkən onun Vətən sevgisini xüsusi vurğulayır. Ata üçün Turalın xatirələri həm əziz, həm də ağırdır. Çünki hər bir xatirənin arxasında bir ömür, həyata keçirilməmiş arzular və ailənin səbirsizliklə gözlədiyi gələcək dayanır. Arif ata oğlunun müharibədən əvvəl xoş günlər yaşadığını, sevdiyi xanımla nişanlandığını və ailənin toy hazırlığı gördüyünü xatırladır. Onların evində yaxın gələcəkdə toy sevinci yaşanmalı, ailəyə yeni bir xoşbəxtlik gəlməli idi. Ancaq müharibə bütün bu planları yarımçıq qoydu.
Şəhid atası həmin günləri yada salaraq deyir:
“Oğlumun ən böyük arzusu Azərbaycan torpaqlarını azad görmək idi. İki dəfə ağır yaralansa da, ‘Mən döyüşçü qardaşlarımın yanında olmalıyam’, — deyərək yenidən döyüşə qayıtdı. Hələ tam sağalmamış cəbhəyə yollandı. Müharibədən qabaq Tural həyatının xoş günlərini yaşayırdı. Sevdiyi xanımla nişanlanmışdı. Yaxın zamanda toyunu etməyi planlaşdırırdıq, evdə toy tədarükü görürdük. Lakin Vətənin çağırışı onun şəxsi planlarından öndə gəldi. Taleyi onu ən uca zirvələrə yüksəltdi”.
Arif Məmmədovun bu sözlərində bir atanın övladına olan sonsuz sevgisi ilə Vətən uğrunda canından keçən oğluna duyduğu qürur bir araya gəlir. Turalın yarımçıq qalan toy arzusu ailə üçün sağalmayan bir yara olaraq qalır. Bir vaxtlar toy hazırlığı görülən evdə indi oğulun xatirələri yaşadılır. Bununla belə, valideynləri Turalın həyatının yalnız itki ilə xatırlanmasını istəmirlər. Onlar oğullarının göstərdiyi qəhrəmanlığın, Vətənə sədaqətinin və gələcək nəsillərə nümunə olan həyat yolunun unudulmamasını arzulayırlar.
Atasının sözlərinə görə, Turalın musiqiyə də böyük həvəsi olub. O, gitara çalmağı bacarır, musiqiyə maraq göstərirdi. Bu detal Turalın həyatının başqa bir tərəfini — hərbi geyimdən, tankdan və döyüş meydanından kənarda da arzuları, maraqları və gələcək planları olan bir gənc olduğunu göstərir. O da yaşıdları kimi sevmək, ailə qurmaq, xoşbəxt günlər yaşamaq istəyirdi. Ancaq onun üçün Vətənin azadlığı bütün bu arzuların önündə dayanırdı.

Yaralı halda silahdaşlarının yanına qayıdan döyüşçü
Tural Məmmədovun döyüş yolundan danışarkən valideynlərinin ən çox xatırladığı məqamlardan biri onun yaralanmasına baxmayaraq döyüş meydanını tərk etmək istəməməsidir. Ailə üçün bu hadisələri xatırlamaq ağır olsa da, onlar oğullarının qərarının arxasında dayanan səbəbi yaxşı anlayırlar: Tural silahdaşlarını tək qoymaq istəmirdi. O, özünü döyüş yoldaşlarından ayrı təsəvvür etmirdi və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsini şəxsi rahatlığından üstün tuturdu.
Şəhidin anası Aytəkin xanım oğlunun Vətən sevgisindən danışarkən həm qürurunu, həm də ana qəlbinin ağrısını gizlədə bilmir. O, Turalın iki dəfə yaralandığını, ailənin onun sağlamlığı üçün narahat olduğunu, lakin oğlunun döyüşü davam etdirməkdə israrlı qaldığını söyləyir. Ana üçün övladının yaralandığını eşitməkdən ağır nə ola bilər? Belə bir anda hər bir valideyn onun təhlükəsiz yerə aparılmasını, müalicə olunmasını və yenidən ailəsinə qayıtmasını istəyər. Turalın valideynləri də oğullarının sağ qalmasını arzulayırdılar. Lakin gənc gizir öz qərarını vermişdi.
Aytəkin xanım həmin günləri belə xatırlayır:
“Bir valideyn kimi deyim ki, onun yaralı halda döyüşü davam etdirməsi Vətənə nə qədər bağlı olduğunu göstərirdi. Döyüşlərin ən qızğın vaxtlarında iki dəfə yaralandı. Biz nə qədər desək də, bizə qulaq asmadı. Cəbhədən təxliyə olunmağı və müalicə almağı qətiyyətlə rədd etdi. Elə hey deyirdi ki, ‘Yoldaşlarım buradadırsa, mən heç yerə gedən deyiləm’. Yenidən tankına qayıtdı və döyüşü davam etdirdi”.
Bu sözlər bir daha göstərir ki, Tural üçün döyüş yoldaşlığı sadəcə hərbi münasibət deyildi. O, silahdaşlarının yanında olmağı, onların təhlükəsizliyinə və tapşırığın icrasına öz töhfəsini verməyi vacib sayırdı. Əlbəttə, yaralı halda döyüşə qayıtmaq son dərəcə ağır və təhlükəli qərardır. Lakin Turalın ailəsinin xatirələrində bu hadisə onun məsuliyyət hissinin, iradəsinin və Vətən qarşısında özünü borclu bilməsinin ifadəsi kimi yaşayır.

“Ana, özünə yaxşı bax…” — son telefon danışığının unudulmayan sözləri
Aytəkin xanım üçün oğlunun səsini eşitdiyi son telefon danışığı bu gün də yaddaşında yaşayır. Bəzən insanın yaddaşında illərlə saysız-hesabsız hadisələr deyil, bir neçə sadə söz qalır. Həmin sözlər zaman keçdikcə daha da qiymətli olur, insan onları təkrar-təkrar xatırlayır, sanki sevdiyi insanın səsini yenidən eşidir.
Ana son danışıq zamanı Turalın ona “Ana, özünə yaxşı bax”, — dediyini söyləyir. Bu cümlə onun yaddaşında xüsusi yer tutur. Aytəkin xanım həmin sözləri xatırladıqca oğlunun səsini, danışıq tərzini və ona olan qayğısını yada salır. Hər bir ana üçün övladının bir telefon zəngi, bir xoş sözü belə əvəzolunmazdır. Turalın yoxluğundan sonra isə bu sözlər ailənin qəlbində həm təsəlli, həm də dərin həsrət mənbəyinə çevrilib.
Şəhidin anası oğlunun yarımçıq qalan arzularını da unuda bilmir. Turalın toyunu görmək, onun ailə qurmasına, öz ocağını yaratmasına şahid olmaq valideynlərinin ən böyük istəklərindən idi. Lakin müharibə bu arzunu gerçəkləşməyə qoymadı. İndi həmin gələcək planlar ailənin xatirələrində yaşayır. Valideynlər üçün Turalın yoxluğu ilə barışmaq asan deyil. Onlar bir tərəfdən övlad həsrəti çəkir, digər tərəfdən onun Vətən uğrunda göstərdiyi fədakarlıqla fəxr edirlər.
Aytəkin xanım deyir ki, oğlu hər bir gənc kimi xoşbəxt həyat qurmaq, sevdiyi insanla bir ailə olmaq istəyirdi. Ancaq torpaqlarımızın işğal altında qalması onun vicdanına və Vətənə bağlılığına ağır gəlirdi. Ana oğlunun qərarını belə ifadə edir:
“Onun da hər bir gənc kimi planları vardı. Amma Vətən torpaqlarının işğal altında olması onun qeyrətinə sığmadı. O, öz şəxsi xoşbəxtliyini bütöv bir xalqın və Vətənin azadlığına qurban verdi. Biz belə bir oğulun valideynləri olduğumuza görə fəxr edirik. Oğlumun yarımçıq qalan toy arzusunu isə heç vaxt unuda bilmirəm”.

“Ohanyan səddi”nin yarılmasında tank komandirinin missiyası
Tural Məmmədovun döyüş yolunda ən ağır və təhlükəli tapşırıqlardan biri düşmənin uzun müddət ərzində qurduğu və minaladığı müdafiə xətlərinin yarılması ilə bağlı olub. Şəhidin ailəsinin danışdığı xatirələrdə onun tank komandiri kimi ön cəbhədə hərəkət etməsi, təhlükəli ərazilərdə döyüş tapşırıqlarının icrasında iştirak etməsi xüsusi yer tutur.
Vətən müharibəsində düşmənin mühəndis istehkamları və minalanmış sahələri Azərbaycan hərbçilərinin irəliləməsini çətinləşdirən maneələrdən idi. Belə şəraitdə zirehli texnikanın imkanlarından düzgün istifadə edilməsi, risklərin qiymətləndirilməsi və döyüşçülərin koordinasiyalı hərəkəti böyük əhəmiyyət daşıyırdı. Turalın tank komandiri kimi fəaliyyəti də məhz belə çətin şəraitlə bağlı olub. Ailəsinin xatirələrində onun “Ohanyan səddi” adlandırılan müdafiə xəttinin yarılması istiqamətində göstərdiyi xidmət xüsusi vurğulanır.
Aytəkin xanım oğlunun bu tapşırıqları yerinə yetirərkən təhlükənin böyüklüyünü dərk etdiyini, buna baxmayaraq üzərinə düşən vəzifədən geri çəkilmədiyini bildirir. Onun sözlərinə görə, Tural ən çətin məqamlarda belə döyüş yoldaşları ilə birgə irəliləməyə çalışıb. Bu cəsarət ailənin yaddaşında oğullarının xarakterini müəyyən edən əsas xüsusiyyətlərdən biri kimi qalıb.
Turalın döyüş yolunu xatırlayarkən onun yalnız bir hərbçi deyil, eyni zamanda böyük məsuliyyət daşıyan bir komandir olduğunu da qeyd etmək vacibdir. Tank komandirinin qərarları və hərəkətləri təkcə öz taleyinə deyil, ekipaj üzvlərinin və digər hərbçilərin təhlükəsizliyinə də təsir göstərə bilər. Bu baxımdan, ön cəbhədə tapşırıqların icrası peşəkarlıqla yanaşı, yüksək məsuliyyət tələb edir. Turalın ailəsinin danışdığı hadisələr onun hərbi xidmətinə, silahdaşlarına və Vətənə bağlılığını bir daha ön plana çıxarır.

Ata qüruru, ana həsrəti və Zəfərə olan minnətdarlıq
Şəhid ailəsinin evində Tural haqqında danışılan hər bir xatirənin öz yeri var. Arif Məmmədov oğlunun adını çəkərkən onunla keçirdiyi günləri, ailənin gələcəklə bağlı planlarını və Turalın Vətənə xidmət etmək istəyini xatırlayır. Bir ata üçün övladının itkisi ömrü boyu daşıdığı ağır dərddir. Ancaq Arif ata bu dərdin içində oğlunun uğrunda canından keçdiyi məqsədin — Azərbaycan torpaqlarının azadlığının — gerçəkləşməsindən doğan qüruru da yaşayır.
Şəhid atasının “Prezidentimiz sağ olsun, torpaqlarımızı azad etdi”, — sözləri ailənin Vətən müharibəsində qazanılmış Zəfərə və torpaqlarımızın azadlığına görə minnətdarlığını ifadə edir. Bu sözlərin arxasında həm oğlunu itirmiş bir atanın ağrısı, həm də şəhidlərin fədakarlığının Vətənin taleyində tutduğu yerə dair düşüncələr dayanır. Azərbaycan xalqının 2020-ci ildə qazandığı tarixi Zəfər uzun illər torpaqlarımızın azadlığını gözləyən insanların həyatında mühüm dönüş nöqtəsi oldu. Bu Zəfərdə Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərin peşəkarlığı, şəhidlərin canı və qazilərin fədakarlığı xüsusi yer tutur.
Tural Məmmədov da Vətən müharibəsində canından keçən igidlərimizdən biridir. Onun valideynləri üçün ən böyük təsəlli oğullarının adının hörmətlə anılması, xatirəsinin yaşadılması və göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasıdır. Şəhid ailələrinin xatirələrini dinləmək, onların yaşadıqları ağrını və qüruru anlamağa çalışmaq cəmiyyət olaraq bizim də mənəvi borcumuzdur. Çünki hər bir şəhidin arxasında bir ailənin yarımçıq qalan arzuları, ömür boyu davam edən həsrəti və unudulmayan xatirələri var.

Sincanda yaşayan əbədi xatirə
Bu gün Tural Məmmədovun adı doğulduğu Oğuz rayonunun Sincan kəndində ehtiramla yad edilir. Onun həyatı və döyüş yolu ailəsinin xatirələrində, doğmalarının danışdıqlarında və onu tanıyan insanların yaddaşında yaşayır. Şəhidin ev muzeyi isə onun ömür yolunu, hərbi xidmətini və Vətən uğrunda göstərdiyi fədakarlığı xatırladan mənəvi məkandır. Burada qorunan fotolar, xatirələr və şəhidin şəxsi həyatına dair məlumatlar gələcək nəsillərə Turalı daha yaxından tanımaq imkanı verir.
Şəhidlərin adlarının yaşadılması yalnız xatirə tədbirləri ilə məhdudlaşmır. Onların həyat hekayələrinin öyrənilməsi, məktəblilərə və gənclərə çatdırılması, ailələrinin ziyarət edilməsi və qəhrəmanlıqlarının sənədləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Çünki Vətən uğrunda canından keçən insanların taleyi ölkənin tarixinin ayrılmaz hissəsidir. Hər bir belə hekayə gənc nəsillərə məsuliyyət, cəsarət, sədaqət və insanın öz xalqına bağlılığı barədə düşünmək imkanı yaradır.
Turalın həyat hekayəsində bizi düşündürən məqamlardan biri də onun şəxsi arzuları ilə Vətənə olan borcu arasında seçim etdiyi ağır dövrdür. O, toyunu gözləyən, musiqiyə maraq göstərən, ailə qurmaq istəyən gənc idi. Ancaq torpaqlarımızın azadlığı uğrunda mübarizə başlayanda özünü bu mübarizənin iştirakçısı hesab etdi. Onun həyat yolu bir daha xatırladır ki, müharibənin arxasında yalnız cəbhədə baş verən hadisələr deyil, həm də yarımçıq qalan talelər, ailələrin həsrəti və gələcəyə dair gerçəkləşməyən arzular dayanır.

Tural Məmmədovun adı qəhrəmanlıq tariximizdə yaşayacaq
Qeyd edək ki, gizir Tural Məmmədov Azərbaycan Silahlı Qüvvələrində tank komandiri kimi xidmət edib. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşan və Talış kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı yaralanmasına baxmayaraq, xidmətini davam etdirib. O, Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Tural Məmmədov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Bu təltiflər onun hərbi xidmətinin və Vətən müharibəsində göstərdiyi fədakarlığın dövlət səviyyəsində qiymətləndirilməsinin göstəricisidir.
Bu gün Arif ata və Aytəkin ana üçün Turalın yeri heç nə ilə əvəz oluna bilməz. Onların qəlbində oğullarının yoxluğundan yaranan boşluq həmişə qalacaq. Nə illər, nə də zamanın axarı valideyn həsrətini tamamilə silə bilər. Ancaq Turalın adının hörmətlə çəkilməsi, həyat hekayəsinin danışılması və qəhrəmanlığının unudulmaması ailənin qəlbinə təsəlli verir.
Tural Məmmədovun həyatı bir daha göstərir ki, qəhrəmanlıq yalnız döyüş meydanında göstərilən cəsarətdən ibarət deyil. O, həm də insanın üzərinə götürdüyü məsuliyyətə sadiq qalması, çətinliklər qarşısında iradəsini qoruması və Vətənin gələcəyini öz şəxsi arzularından üstün tutmasıdır. Turalın ömrü qısa olsa da, onun adı və xatirəsi uzun illər yaşayacaq. Çünki Vətən uğrunda canından keçənlərin qəhrəmanlığı zamanla unudulmur, xalqın yaddaşında nəsildən-nəslə ötürülür.
Şəhidin valideynlərinin danışdığı hər bir xatirə bu həqiqəti bir daha təsdiqləyir: Turalın arzusu Azərbaycan torpaqlarını azad görmək idi. Bu gün onun adı həmin azadlıq uğrunda canından keçən qəhrəmanlarımızın sırasında çəkilir. Ailəsinin həsrəti, atasının qüruru və anasının heç vaxt bitməyən oğul sevgisi isə Tural Məmmədovun xatirəsini yaşadan ən qiymətli yadigarlardandır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Esmira Hidayətova, Oğuz