Kreditlərə qoyulan yeni tələb: Nələr dəyişəcək? – DETALLAR
Həmçinin məsafədən verilən istehlak kreditlərində və ya artırılan kredit limitlərində vəsait dərhal təqdim edilməyəcək. Belə ki, gün ərzində verilən və ya artırılan vəsait minimum əmək haqqının iki mislinədək olduqda, pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra veriləcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda isə vəsait 24 saat sonra təqdim olunacaq.
Yeni qərarın mahiyyətini şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, Mərkəzi Bankın onlayn kreditlərin verilməsi sahəsində müəyyənləşdirdiyi yeni qaydalar birbaşa vətəndaşların, kredit götürən şəxslərin təhlükəsizliyinin qorunması, onların fırıldaqçılığın təsirinə məruz qalmaması məqsədi daşıyır:
“Eləcə də, emosional şəkildə kredit götürülməsinin qarşısını almaq üçün istehlakçılara düşünməsi üçün zaman tanınır. Yəni burada əsas məqsəd məhz kredit götürən şəxslərin ehtiyatsız şəkildə kredit götürməsinin qarşısınn almaqdır.
İkincisi isə fırıldaqçıların sürətli şəkildə vətəndaşın etibarından istifadə edərək və yaxud da onu müasir dələduzluq üsullarından istifadə etməklə aldadaraq sürətli şəkildə kredit götürməsi və onların vəsaitlərinin talan edilməsinə maneçilik törətməkdir”.
Ekspert deyib ki, Mərkəzi Bank əslində bu addımı atmaqla maliyyə sektorunun maraqlarını istehlakçıların maraqlarına güzəştə getmiş olur:
“Maliyyə sektoru sürətli şəkildə, bir neçə dəqiqə ərzində krediti verməkdə maraqlıdır. Lakin Mərkəzi Bankın bu tənzimlənməsi imkan verir ki, vətəndaş kredit götürməmişdən əvvəl düşünsün, bu kreditin ona zəruri olub-olmadığını müəyyən etsin. Tələsik, emosional şərtlər altında və yaxud da qarşılaşdığı situasiyada dərhal kredit götürmək qərarını verməsin”.
X.Kərimlinin sözlərinə görə, qaydalar çox sadədir:
“Əslində vətəndaş yenə də ən azı bir sutka ərzində kreditini götürəcək. Burada nüans ondan ibarətdir ki, minimum əməkhaqqının 2 mislinə qədər olan kreditlərdə, yəni indiki minimum əmək haqqı çərçivəsində 800 manata qədər kreditlərdə iki saatlıq gözləmə müddəti var. Minimum əmək haqqının 2 mislindən yuxarı kreditlərdə isə 24 saatlıq bir gözləmə müddəti müəyyənləşir
Çünki xüsusən də, istehlak kreditləri və sürətli onlayn kreditlərin faizləri bir qədər yüksək olur və bu da sonradan vətəndaş üçün baş ağrısına çevrilir”.
“İkinci bir məqam onlayn kreditlərin verilməsinin könüllü surətdə məhdudlaşdırma hüququndan gedir. Heç kim vətəndaşı məcbur eləmir ki, bu hüquqdan istifadə eləsin. Amma bir növ özünü tanıyan vətəndaş əvvəlcədən, özünü onlayn kreditlərdən qorumaq hüququna malikdir və o, müvafiq üsullardan istifadə etməklə özünün onlayn kredit götürmə hüququnu öncədən məhdudlaşdıra bilər. Bu da təbii ki, hüquqdur”, – ekspert əlavə edib.