Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov müqəddəs Ramazan bayramı, xalqımızın qədim ənənələrindən olan İlaxır çərşənbə və baharın gəlişini simvolizə edən Novruz bayramı münasibətilə geniş təbrik mesajı ünvanlayıb.
Rektor Anar Eminov təbrikində bildirib ki, Ramazan bayramı insanları mərhəmətə, xeyirxahlığa və paylaşmağa çağıran, mənəvi dəyərləri daha da möhkəmləndirən müqəddəs günlərdən biridir. Bu əziz bayram həm də cəmiyyətimizdə birlik, həmrəylik və qarşılıqlı hörmət hisslərini gücləndirir. İlaxır çərşənbə isə xalqımızın minilliklərdən gələn adət-ənənələrinin, milli ruhunun və mədəni irsinin yaşadılmasının bariz nümunəsidir. Baharın gəlişi ilə qeyd olunan Novruz bayramı isə təbiətin oyanışını, yenilənməni, ümid və xoş arzuları özündə əks etdirən ən əziz bayramlarımızdan biridir.
Təbrik mesajında vurğulanıb ki, bu əziz günlər münasibətilə ilk növbədə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ailələri dərin ehtiramla yad olunur, qazilərimizə və müharibə veteranlarına sonsuz minnətdarlıq bildirilir. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində xalqımız bu gün bayramlarını daha böyük qürur və sevinc hissi ilə qeyd edir.
Mesajda Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə, şəhərin ağsaqqallarına və bütün Mingəçevir sakinlərinə də səmimi bayram arzuları çatdırılıb. Bildirilib ki, Mingəçevir daim öz zəhmətkeş və vətənpərvər insanları ilə seçilən, inkişaf edən və gələcəyə inamla addımlayan şəhərlərimizdən biridir.
Anar Eminov həmçinin Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyətini, əməkdaşlarını və tələbələrini bu əziz bayramlar münasibətilə ürəkdən təbrik edib. O bildirib ki, universitet kollektivi ölkəmizin gələcəyinin formalaşmasında mühüm rol oynayan gənclərin yetişdirilməsi istiqamətində böyük məsuliyyətlə fəaliyyət göstərir və universitet ailəsinin hər bir üzvünün əməyi ali təhsil ocağının inkişafına, elmin və təhsilin daha da güclənməsinə xidmət edir.
Sonda rektor Anar Eminov bütün Mingəçevir şəhər ictimaiyyətinə, universitetin müəllim və tələbə heyətinə, eləcə də ölkəmizin hər bir vətəndaşına möhkəm cansağlığı, ailə səadəti, ruzi-bərəkət və yeni uğurlar arzulayıb. Bildirib ki, müqəddəs Ramazan bayramı, İlaxır çərşənbə və baharın müjdəçisi olan Novruz bayramı hər bir evə sevinc, xoşbəxtlik və firavanlıq gətirsin.
Bayramınız mübarək!