Mingəçevir Dövlət Universiteti (MDU) ilə “FLEX” MMC arasında informasiya texnologiyaları, kibertəhlükəsizlik, telekommunikasiya və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əsas məqsədi universitetdə təhsil alan tələbələrin, eləcə də akademik və inzibati heyətin informasiya texnologiyaları, şəbəkə inzibatçılığı, kibertəhlükəsizlik, təhlükəsizlik sistemləri və rəqəmsal infrastrukturun idarə olunması istiqamətində nəzəri bilik və praktik bacarıqlarının artırılması, tədris prosesinin əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması və “FLEX” MMC-nin peşəkar təcrübəsinin təhsil və innovasiya mühitinə inteqrasiyasıdır.

Sənədə əsasən, tərəflər İT infrastrukturu, server və bulud texnologiyaları, VoIP həlləri, məlumatların saxlanılması, firewall, EDR, NAC, PAM sistemləri, penetrasiya testləri, videomüşahidə, girişə nəzarət sistemləri, RFID və biometrik texnologiyalar üzrə birgə əməkdaşlıq həyata keçirəcəklər.
Əməkdaşlıq çərçivəsində tələbələr üçün praktiki təlim proqramları, ustad dərsləri, seminarlar, laboratoriya məşğələləri, vebinarlar, simulyasiyalar, layihə əsaslı öyrənmə formatları, mini-hackathonlar və karyera yönümlü tədbirlərin təşkili nəzərdə tutulur. Bununla yanaşı, tələbələrin şirkətdə təcrübə keçməsi, mentorluq proqramlarına qoşulması və gələcək məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində də fəaliyyət həyata keçiriləcək.

Memorandum çərçivəsində kibertəhlükəsizlik, rəqəmsal transformasiya, ağıllı kampus, təhlükəsizlik sistemləri və innovasiya sahələrində birgə elmi-tədqiqat layihələrinin hazırlanması, konfranslar, forumlar, texnologiya sərgiləri və karyera günlərinin təşkili də planlaşdırılır.
Sənədə əsasən, “FLEX” MMC öz peşəkar təcrübəsini universitetlə bölüşəcək, müxtəlif istiqamətlər üzrə ekspert dəstəyi göstərəcək, Mingəçevir Dövlət Universiteti isə təlim və maarifləndirmə fəaliyyətlərinin təşkili, tələbə və müəllimlərin layihələrə cəlb olunması, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi üçün zəruri təşkilati dəstəyi təmin edəcək.
Beş il müddətinə imzalanan memorandum tərəflər arasında uzunmüddətli strateji tərəfdaşlığın formalaşdırılmasına, regionda yüksək ixtisaslı İT mütəxəssislərinin hazırlanmasına, tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına və rəqəmsal ekosistemin inkişafına mühüm töhfə verməyi hədəfləyir.
Esmira Hidayətovaz Mingəçevir