Bunu açıqlamasında Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Prezident İlham Əliyevin dövlət ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı imzaladığı Fərmanı şərh edərkən deyib.

Onun sözlərinə görə, adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.
“Burada həm də artım əmsalından söhbət gedir. Təbii ki, bununla bağlı Nazirlər Kabinetinə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarının, dövlət büdcəsindən maliyyələşdirmə prinsiplərinin, eləcə də illik təhsil xərclərinə ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiqi qaydalarının hazırlanması barədə tapşırıq verilib”, – o vurğulayıb.
Deputat əlavə edib ki, Elm və Təhsil Nazirliyi də hər növbəti təqvim ilinin dövlət büdcəsi formalaşdırılarkən bu məsələ üzərində işləməlidir:
“Bu nazirlik ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanların sayını Maliyyə Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi də bu Fərmanın icrasından irəli gələn tədbirləri həyata keçirəcək və dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirməni təmin edəcək.
Ümumilikdə deyə bilərik ki, bu, yeni yanaşmanı özündə ehtiva edir. Artıq ümumi təhsil məktəbləri də adambaşına maliyyələşdirmə sisteminə keçir. Burada da əsas hədəf və məqsəd adambaşına maliyyələşdirməyə keçiddir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi müvafiq addımlar atmalıdır. Nazirlər Kabineti isə bundan irəli gələn prosedur və mexanizmləri hazırlayacaq. Elm və Təhsil Nazirliyi bu siyahını Maliyyə Nazirliyi ilə təqdim edəcək və onun əsasında maliyyələşdirmə həyata keçiriləcək”.
İqtisadçı Xalid Kərimli isə Ölkə.az-a bildirib ki, məktəbin xərci onun ölçüsü, müəllim sayı kimi faktorlarla yaranır və dövlət büdcəsindən maliyyələşir:

“Məsələn, tutalım bir məktəbin 100 müəllimi var və əməkhaqqı 700 manatdır, bu zaman maaş fondu 70 min manat təşkil edir. Bu rəqəm nəzərə alınmaqla, məktəbin illik xərci əsasında ayrılacaq vəsait hesablanır. İndi isə bu xərc şagirdin sayına görə müəyyənləşəcək və bir şagirdin illik xərci əsasında maliyyə ayıracaq”.
Ekspert deyib ki, hələlik şagirdbaşı rəqəm müəyyənləşdirilməyib. Buna görə də, Nazirlər Kabineti bir şagirdin qiymətini hesablamalıdır.
Xalid Kərimlinin fikrincə, yeni mexanizm məktəblərə ayrılan resursların səmərəliliyini artıracaq: “Bu zaman təhsilə ayrılmış vəsaitlərin optimizasiyası gedə bilər. Əslində, universitetlərdə bu sistem tətbiq edilir. Yəni universitetlərdə tələbəbaşına xərc müəyyənləşir və dövlət bu formada maliyyələşmə aparır. İndi həmin model məktəblərə də tətbiq olunacaq. Nəticə olaraq, bu, Azərbaycan üçün yeni bir şey deyil. Bir şagirdin təhsil alması üçün lazım olan xərc qədər həmin məktəbə vəsait ayrılacaq”.
İqtisadçı ekspert vurğulayıb ki, bu, dövlət resurslarının səmərəli yerləşdirilməsinə, idarə edilməsinə, siniflərin optimizasiyasına, dərslərin daha effektiv təşkilinə kömək edəcək.
Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək. Prezident İlham Əliyev sentyabrın 24-də bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.