Hörmüz boğazının ABŞ ilə heç bir əlaqəsi yoxdur və Vaşinqtonun bu boğaza nəzarət etməkdə marağı da olmamalıdır.
Mehr agentliyi xəbər verir ki, bunu İranın ali rəhbərinin baş hərbi müşaviri Möhsün Rezayi deyib.
Rezayinin sözlərinə görə, Hörmüz boğazı İran və Omanın ərazi sularında yerləşir və buna görə də Vaşinqton onun istifadəsi ilə bağlı məsələlərə müdaxilə etməməlidir.
“Hörmüz boğazının ABŞ ilə heç bir əlaqəsi yoxdur. Bütün dünya bundan faydalanır, amma heç bir ölkə Amerikanın taleyinə təkbaşına müdaxilə etməsinə icazə verməyəcək”, – deyə Rezayi bildirib.
O qeyd edib ki, bu boğaz iki dəniz və ya okean arasında yerləşən adi su yolu deyil. Fars körfəzinə giriş olduğu üçün xüsusi əhəmiyyət kəsb edir.
“ABŞ niyə Hörmüz boğazından keçərək Fars körfəzinə girmək istəyir?” – deyə müşavir əlavə edib.