“Project Eleven” mərkəzi hamı üçün açıq olan kvant kompüterinin köməyi ilə elliptik əyri kriptoqrafiyasına əsaslanan 15 bitlik açarı uğurla sındıran tədqiqatçı Can Karlo Lelliyə 1 “Bitcoin” (hazırkı dəyəri ilə təxminən 77 700 ABŞ dolları) məbləğində “Q-Gün” mükafatını təqdim edib.
Əldə olunan nəticə analoji kiberhücumların ən böyük kütləvi nümayişi hesab olunur və əvvəlki rekordları xeyli qabaqlayaraq müdaxilə səviyyəsini 512 dəfəyədək artırır.
Bu məlumat “Project Eleven” təşkilatının “X” sosial platformasındakı rəsmi hesabında yayımlanıb.
Tədqiqatçı elliptik əyrilərdə mövcud olan diskret loqarifm problemini həll edə bilən Şor alqoritminin modifikasiya olunmuş variantından istifadə edərək 32 767 mümkün variantı sınaqdan keçirib və açıq açar üzərindən gizli açarı əldə etməyə nail olub. Bu riyazi yanaşma yalnız “Bitcoin” və “Ethereum” kimi kriptovalyutaların deyil, eyni zamanda müxtəlif blokçeyn sistemlərinin də təhlükəsizlik əsasını təşkil edir.
“Project Eleven”in direktoru Aleks Pruden bildirib ki, bu cür kiberhücumları həyata keçirmək üçün lazım olan vasitələr sürətlə ucuzlaşır və avadanlıqlara çıxış asanlaşır. Onun sözlərinə görə, layihə heç bir xüsusi mikrosxem və ya dövlət laboratoriyası olmadan, yalnız bulud texnologiyaları əsasında müstəqil mütəxəssis tərəfindən reallaşdırılıb. Bu isə kvant hücumları riskinin tamamilə real olduğunu göstərir və post-kvant kriptoqrafiyası standartlarına keçidi qaçılmaz edir.
Qeyd edək ki, 2025-ci ilin sentyabrında tədqiqatçı Stiv Tippekonnik 6 bitlik şifrəni sındıraraq kvant sistemləri ilə hücumun ilkin açıq nümunəsini nümayiş etdirmişdi. Son nəticə isə bu sahədə ciddi irəliləyiş kimi qiymətləndirilir. Baxmayaraq ki, hazırda istifadə olunan 256 bitlik açarların sındırılması üçün hələ kifayət qədər məsafə var, vəziyyət artıq nəzəri deyil, bilavasitə mühəndislik problemi kimi qəbul olunur.
Hazırda açıq açarları məlum olan kriptocüzdanlarda təxminən 6,9 milyon “Bitcoin” saxlanılır. Bu isə həmin rəqəmsal aktivləri kvant hesablama hücumlarına qarşı olduqca həssas vəziyyətə salır.