ABŞ-ın Texas Universitetinin Ostin şəhərində fəaliyyət göstərən alimləri sensasiyalı nəticəyə gəlib: Yer üzündə həyat dinozavrları məhv edən nəhəng asteroid zərbəsindən sonra düşündüyümüzdən qat-qat tez bərpa olunmağa başlayıb.
Tədqiqat “Geology” jurnalında dərc olunub.
Təxminən 66 milyon il əvvəl diametri 10 kilometrə yaxın olan asteroid indiki Meksikanın Yukatan yarımadası ərazisinə düşərək Çiksulub kraterini yaradıb. Bu toqquşma qlobal yanğınlara, iqlim dəyişikliyinə və kütləvi məhvə səbəb olub.
Uzun illər hesab edilirdi ki, ekosistemlərin bərpası on minlərlə il çəkib. Amma yeni araşdırma göstərir ki, həyatın yenidən formalaşması cəmi bir neçə min ildən sonra başlayıb.
Tədqiqatın rəhbəri Kris Lauri bildirib:
“Bu, inanılmaz dərəcədə sürətlidir. Nəticələrimiz göstərir ki, ekstremal hadisələrdən sonra yeni növlər çox tez yaranır və ətraf mühit sürətlə bərpa olunur”.
Alimlər araşdırma zamanı mikroskopik dəniz orqanizmləri – foraminiferləri tədqiq ediblər. Onların əhəngli qabıqları çöküntülərdə qorunaraq ekosistemlərin bərpa prosesini izləməyə imkan verir. Daha dəqiq zaman təyini üçün helium-3 izotopundan istifadə olunub.
Avropa, Şimali Afrika və Meksika körfəzi bölgələrində aparılan analizlər göstərib ki, əsas növlərdən biri olan “Parvularugoglobigerina eugubina” asteroid zərbəsindən cəmi 3,5–11 min il sonra ortaya çıxıb. Bəzi növlər isə 2000 ildən də az müddətdə yaranıb. Təxminən 6 min il ərzində 10–20 yeni plankton növü formalaşıb.
Tədqiqatın həmmüəllifi Timoti Bralouer vurğulayıb:
“Həyatın bərpa sürəti onun nə qədər dayanıqlı olduğunu göstərir. Mürəkkəb ekosistemlərin geoloji baxımdan ani sayılan müddətdə formalaşması həqiqətən heyrətamizdir”.
Alimlər qeyd edir ki, tam bioloji müxtəlifliyin bərpası milyonlarla il çəkib. Buna baxmayaraq, bu nəticələr sübut edir: Yer üzündə həyat ən böyük fəlakətlərdən sonra belə sürətlə uyğunlaşa və yenidən dirçəldə bilir.