Mingəçevir Su Anbarında iki fəhlə quyuya düşdü – tibb əməkdaşları həyatlarını riskə ataraq xilasetmə əməliyyatına qoşuldular
Bu gün günün ikinci yarısında Mingəçevir Su Anbarının ərazisində iş zamanı iki fəhlənin quyuya düşməsi ilə nəticələnən hadisə baş verib.
İlkin məlumata görə, iş prosesi zamanı fəhlələrdən biri quyuya enmək üçün istifadə olunan nərdivanın qırılması nəticəsində dərinliyə düşüb. Hadisə zamanı fəhlə baş nahiyəsindən xəsarət alıb. Digər fəhlənin də quyuda olması vəziyyəti daha da təhlükəli və təxirəsalınmaz edib.
Hadisə barədə məlumat daxil olduqdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə məlumat verilib. Təcili tibbi yardım briqadası qısa müddət ərzində hadisə yerinə çatıb.
Hadisə yerində vəziyyətin kifayət qədər mürəkkəb olduğu məlum olub. Xəsarət alan fəhlənin quyudan çıxarılması üçün ilk növbədə onun vəziyyətinə müdaxilə etmək və həyati təhlükənin qarşısını almaq tələb olunub.
Məhz bu məqamda həkim Xalid Pirverdiyev və tibb bacısı Əsli Ramazanova ciddi riskə baxmayaraq, xəsarət alan şəxsin köməyinə çatmaq qərarına gəliblər.
Tibb əməkdaşları təhlükəli şəraitdə quyuya yaxınlaşaraq, telefonun işığından istifadə etməklə xəsarət alan fəhləyə ilkin tibbi yardım göstəriblər. Məhdud görünüş və çətin şəraitə baxmayaraq, onlar zərərçəkənin vəziyyətini qiymətləndirib, həyati əhəmiyyətli tibbi müdaxilələri həyata keçiriblər.
Hadisənin ən kritik məqamlarından biri isə xəsarət alan fəhlənin quyu daxilində vəziyyətinin ağırlaşmasının qarşısının alınması olub. Həkim və tibb bacısının vaxtında müdaxiləsi zərərçəkənin təhlükəli vəziyyətdən çıxarılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Xilasetmə prosesində təcili tibbi yardım briqadasının sürücüsü Anar Məmmədov da operativ fəaliyyəti ilə seçilib. O, briqadanın hadisə yerinə mümkün qədər qısa müddətdə çatdırılmasını təmin edib və hadisə zamanı digər əməkdaşların fəaliyyətinə dəstək göstərib.
İlk məlumatın qəbul olunması və təcili tibbi yardım briqadasının hadisə yerinə operativ şəkildə yönləndirilməsində isə dispetçer Rəvanə Nurəddinovanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyıb. Hadisə barədə daxil olan məlumatın vaxtında qiymətləndirilməsi və aidiyyəti briqadanın dərhal istiqamətləndirilməsi operativ müdaxiləyə imkan verib.
Beləliklə, həkim Xalid Pirverdiyev, tibb bacısı Əsli Ramazanova, sürücü Anar Məmmədov və dispetçer Rəvanə Nurəddinovanın çevik və məsuliyyətli fəaliyyəti nəticəsində hadisəyə vaxtında müdaxilə olunub.
Xüsusilə həkim və tibb bacısının öz həyatlarını riskə ataraq təhlükəli əraziyə daxil olması təcili tibbi yardım əməkdaşlarının peşə borcuna sadiqliyinin nümunəsi kimi qiymətləndirilə bilər.
Hadisənin bütün təfərrüatları, fəhlələrin dəqiq vəziyyəti və xəsarətlərin xarakteri ilə bağlı əlavə məlumatların aidiyyəti qurumların açıqlamasından sonra dəqiqləşdirilməsi gözlənilir..