Mingəçevir şəhər Gənclər Evinin könüllüləri “Rəhbərlə bir gün” layihəsi çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüş keçiriblər.

Görüş şəhər icra hakimiyyətinin inzibati binasında baş tutub. Tədbirdə gənclərin ictimai həyatda fəal iştirakı, onların dövlət idarəçiliyində və müxtəlif sahələrdə rolu, həmçinin gənclər siyasətinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı çıxış edən İlham İsmayılov gənclərin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. İcra başçısı gənclərin yalnız gələcəyin deyil, həm də bu günün fəal qurucuları olduğunu qeyd edərək, onların ictimai proseslərdə, dövlət idarəçiliyində, təhsil, idman və digər sahələrdə fəallığının əhəmiyyətindən danışıb.
İlham İsmayılov çıxışında gənclərin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və fədakarlığa da xüsusi diqqət çəkib. O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri Vətənə bağlılığını, cəsarətini və yüksək vətəndaşlıq mövqeyini bütün dünyaya nümayiş etdirib.
İcra başçısı gənclərin dövlət idarəçiliyində təmsil olunmasının, onların müxtəlif vəzifələrdə çalışmasının və ölkənin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyini diqqətə çatdırıb.

Çıxışında gənclər siyasətinin formalaşması və inkişafı məsələsinə toxunan İlham İsmayılov bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mühüm addımların atıldığını qeyd edib. Bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi dövründə də ardıcıl şəkildə davam etdirilərək yeni mərhələyə yüksəldilib.
Görüşdə idmanın gənclərin həyatında və sağlam cəmiyyətin formalaşmasında rolu da xüsusi vurğulanıb. İcra başçısı gənclərin idmana marağının artırılmasının, onların sağlam həyat tərzinə təşviq edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin vacibliyini qeyd edib.

Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə gənclər onları maraqlandıran məsələlərlə bağlı suallarını ünvanlayıb, şəhərin ictimai həyatında gənclərin daha fəal iştirakı ilə bağlı təkliflərini səsləndiriblər.
“Rəhbərlə bir gün” layihəsi çərçivəsində keçirilən görüşün əsas məqsədi gənclərlə yerli icra hakimiyyəti arasında birbaşa ünsiyyət imkanlarının yaradılması, gənclərin dövlət idarəçiliyi haqqında məlumatlarının artırılması və onların ictimai fəallığının təşviq edilməsidir.

Görüşün sonunda iştirakçılar üçün layihənin məqsədlərinə uyğun olaraq rəhbərin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Esmira Hidayətova, Mingəçevir