– Zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edin.
Mən Mustafazadə Nuray Soltan qızıyam. 10 dekabr 2002-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. İbtidai təhsilimi Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbdə almış, daha sonra təhsilimi Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseydə davam etdirmiş və oranı qırmızı attestatla bitirmişəm.
2020-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ingilisdilli tədris proqramına dövlət sifarişi əsasında qəbul olmuş, 2024-cü ildə bakalavr təhsilimi başa vurmuşam. Elə həmin il Mingəçevir Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisası üzrə magistratura pilləsinə dövlət sifarişi ilə qəbul olmuşam. Bu gün isə magistratura təhsilimi 97 ÜOMG və fərqlənmə diplomu ilə, Mühəndislik fakültəsinin magistr pilləsi üzrə birinci olaraq başa vururam.

– Tələbəlik illərində hansı fəaliyyətlərinizlə fərqlənmisiniz?
Tələbəlik illərində yalnız dərslərlə kifayətlənməmişəm. Həm elmi, həm ictimai, həm də könüllülük fəaliyyətində aktiv iştirak etməyə çalışmışam. 2022-ci ildə Mingəçevirdə keçirilən Kanoe və Avarçəkmə üzrə beynəlxalq yarışlarda ilk könüllü qrupunun üzvü olmuşam. Həmin ildən etibarən frilans menecer kimi də fəaliyyət göstərirəm.
2023-cü ildə ASAN Xidmət mərkəzində könüllü olmuşam. 2024-cü ildə AMEA-nın Biofizika İnstitutunda laboratoriyada üç aylıq könüllü fəaliyyət göstərmiş, daha sonra MDU-da keçirilən tyutor təlimlərində iştirak etmişəm. Bunun ardınca Beynəlxalq Əməkdaşlıq Ofisində dörd ay könüllü çalışaraq real iş mühiti və universitetin beynəlxalq fəaliyyəti ilə yaxından tanış olmuşam.

– Elmi fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
Elmi fəaliyyət mənim üçün hər zaman prioritet olub. MDU-da keçirilən konfranslarda ingilis dilində tezis və məqalələrlə çıxış etmişəm. “The Assessment of Bioaccumulation”, “Zero-Waste Biomass Utilization for Sustainable Development: Recuperative Approach and Biochar Production” kimi mövzularda məruzələr təqdim etmişəm.
Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Respublika Elmi Konfransında da elmi məqalə ilə çıxış etmişəm. Bundan əlavə, biomüxtəliflik, iqlim dəyişikliyi, landşaft memarlığı və ekoloji problemlərlə bağlı müxtəlif elmi seminarlarda məruzəçi olmuşam.

– Mingəçevir Dövlət Universitetini seçməyiniz təsadüfi idi?
Bəli, ilk baxışdan bu qərar ani görünə bilərdi. Lakin bu gün əminliklə deyə bilərəm ki, həyatımın ən doğru seçimlərindən biri məhz Mingəçevir Dövlət Universiteti olub.
Universitetin əsas tədris binasının yaxınlığında yaşadığım üçün illər boyu onun fəaliyyətini kənardan müşahidə edirdim. Amma burada təhsil almağa başladıqdan sonra gördüm ki, MDU haqqında eşitdiklərimdən daha böyük potensiala malikdir. Burada tələbəyə verilən dəyər, ailə mühiti və yaradılan imkanlar məni həqiqətən heyran etdi.

– Universitetdə sizi ən çox təsirləndirən nə oldu?
Məni ən çox təsirləndirən universitetdəki səmimi münasibət, şəffaf idarəetmə, müəllim-tələbə əlaqələri və tələbələrin inkişafına göstərilən diqqət oldu. Burada keçirilən elmi, beynəlxalq və sosial tədbirlər hər bir tələbənin özünü inkişaf etdirməsinə geniş imkan yaradır.
Mən magistr tələbəsi olsam da, bakalavr tələbələrinin də nə qədər fəal olduqlarını, onların inkişafı üçün yaradılan imkanları yaxından görmüşəm. Bu, universitetin tələbəyönümlü siyasətinin göstəricisidir.

– Universitet rəhbərliyi haqqında fikirləriniz necədir?
Hesab edirəm ki, rektor Anar Eminovun rəhbərliyi dövründə Mingəçevir Dövlət Universiteti inkişafın yeni mərhələsinə qədəm qoyub. Müasir təhsil mühitinin yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və universitetin beynəlxalq reytinqlərdə yer alması bunun bariz nümunəsidir.
Bu uğurlar təsadüfi deyil. Professor-müəllim heyətinin, inzibati əməkdaşların və rəhbərliyin birgə fəaliyyəti universitetin inkişafında mühüm rol oynayır.

– Gələcək hədəfiniz nədir?
Ən böyük arzum fəaliyyətimi Mingəçevir Dövlət Universitetində davam etdirməkdir. Bildiklərimi tələbələrlə bölüşmək, elmə, universitetimə və doğma şəhərimə töhfə vermək istəyirəm.
İnanıram ki, insan aldığı təhsilə və ona bu imkanları yaradan universitetə xidmət etməyi bacarmalıdır. Mən də gələcək fəaliyyətimi məhz bu prinsiplə qurmaq niyyətindəyəm.

Esmira Hidayətova, Mingəçevir