Avtomobillərin utilizasiyası proqramı vətəndaşlara köhnə nəqliyyat vasitəsini təhvil verərək kompensasiya əldə etmək imkanı yaradır. Təcrübədə isə ən çox maraq doğuran məsələlərdən biri təqdim olunan çeklərin necə istifadə olunmasıdır.
Bir neçə utilizasiya çekini təqdim edərək avtomobil almaq qanunidirmi? Ümumiyyətlə, çekdən istifadə edərək maşın almaq mümkündürmü?
Nəqliyyat eksperti Elməddin Muradlı Valyuta.az-a bildirib ki, utilizasiya prosesində vətəndaşlara bu imkan yaradılıb: “Bir neçə çek təqdim etməklə avtomobil almaq mümkündür, eyni zamanda, bir çek təqdim edildikdə də onun dəyərinə uyğun müəyyən məbləğ vətəndaşa ödənilir. Dövlətin də marağındadır ki, istifadəsiz və köhnəlmiş avtomobillər qeydiyyatdan çıxarılsın, sistemdən silinsin və ölkədə real avtomobil parkı tam şəkildə müəyyən olunsun. Çünki illərlə saxlanılan, istifadə olunmayan nəqliyyat vasitələri həm ekoloji baxımdan zərər yaradır, həm də ümumi statistikanın dəqiq aparılmasına mane olur”.
Ekspert qeyd edib ki, utilizasiya prosesinə vətəndaşların yanaşması fərqlidir: “Bəzi şəxslər utilizasiya prosesi başlamazdan əvvəl köhnə avtomobilləri alaraq toplamağa başlayıblar və bu proses hazırda da davam edir. Bəzi vətəndaşlar isə prosedurları çətin və vaxt aparan hesab etdikləri üçün bu işə qoşulmaq istəmirlər. Çünki proses zamanı müxtəlif arayışların alınması, avtomobil nömrələrinin müəyyənləşdirilməsi, cərimələrin sıfırlanması və ya sistemdə qalan köhnə cərimələrlə bağlı müraciətlərin edilməsi tələb oluna bilir. Bir çox vətəndaşın düşündüyünün əksinə olaraq, bu proses o qədər də çətin deyil. Hətta, utilizasiya ilə bağlı müraciət zamanı dövlət qurumları prosesin operativ həllinə kömək edir”.