Bu barədə “elEconomista” nəşri məlumat yayıb.
Məşqçi Alvaro Puçe hesab edir ki, gəzinti ürək sağlamlığının qorunması, çəkiyə nəzarət və stressin azaldılması baxımından faydalıdır. Lakin onun sözlərinə görə, yaşlı insanların fiziki gücünü və funksional imkanlarını qoruması üçün əlavə məşqlərə də ehtiyac var.
Mütəxəssis cəmi 3-4 dəqiqə ərzində yerinə yetirilə bilən dörd hərəkət təklif edib.
Tövsiyə olunan dörd məşq
1. Stuldan sürətlə qalxıb-oturmaq: Bu hərəkət 10 dəfə təkrarlanmalıdır. Əllərdən kömək almadan stuldan mümkün qədər sürətlə qalxmaq, oturarkən isə dizlərin içəriyə doğru əyilməməsinə diqqət etmək lazımdır. Məşq ayaq əzələlərinin gücləndirilməsinə kömək edir.
2. Dabanları qaldırmaq: Hərəkət 12 dəfə yerinə yetirilməlidir. Məşqi həm ayaqüstə, həm də oturaq vəziyyətdə etmək mümkündür. Məşqçi bu iki variantın həftə ərzində ayrı günlərdə icrasını tövsiyə edir.
3. Elastik lentlə birəlli dartma: Hər qol üçün 10 təkrar nəzərdə tutulur. Elastik lent möhkəm dayağa bərkidilir. Dizlər bir qədər bükülür və lent növbə ilə hər iki əllə bədənə doğru çəkilir. Bu hərəkət kürək və qol əzələlərini işlədərək yuxarı bədən gücünün qorunmasına kömək edir.
4. Mətbəx dəzgahına söykənərək jim etmək: Bu hərəkət 6 dəfə təkrarlanmalıdır. Əllər çiyin enindən bir qədər geniş məsafədə sabit və sürüşməyən səthə qoyulur. Bədən düz saxlanılaraq qollar bükülüb-açılır.
Yaşlılıqda fiziki aktivlik niyə vacibdir?
60 yaşdan sonra əzələ kütləsinin və sümük sıxlığının azalması gündəlik hərəkətləri çətinləşdirə bilər. Bu səbəbdən fiziki aktivlik yalnız çəkiyə nəzarət üçün deyil, müstəqil hərəkət qabiliyyətinin qorunması baxımından da əhəmiyyətlidir.
Mütəxəssislər sağlam qidalanma, kifayət qədər zülal qəbulu, su balansının qorunması və keyfiyyətli yuxunun da vacibliyini qeyd edirlər.
Qeyd edək ki, sadalanan məşqlər hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər. Xüsusilə oynaq, ürək-damar və hərəkət məhdudiyyəti olan şəxslərin yeni məşq proqramına başlamazdan əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.