Qəhvənin sağlamlığa təsiri yalnız onun miqdarından deyil, hazırlanma üsulundan və tərkibinə əlavə edilən məhsullardan da asılıdır. Diyetoloqlar səkkiz qəhvə növünü qiymətləndirərək sağlamlıq baxımından daha faydalı hesab edilən içkilərin siyahısını hazırlayıblar.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki,mütəxəssislər ilk növbədə filtrdən keçirilmiş qəhvəyə üstünlük verməyi tövsiyə edirlər. Araşdırmalara görə, filtrasiya zamanı xolesterinin səviyyəsinə mənfi təsir göstərə bilən diterpen birləşmələrinin böyük hissəsi tutulur. Bu səbəbdən filtrli qəhvə filtrsiz növlərlə müqayisədə daha sağlam seçim hesab olunur.

Reytinqdə ikinci yerdə Amerikano qərarlaşıb. Diyetoloq Culi Stefanşkinin sözlərinə görə, bu içki eyni həcmdə adi filtrli qəhvə ilə müqayisədə daha çox polifenol ehtiva edə bilər. Üstəlik, isti su ilə durulaşdırıldığı üçün daha çox maye qəbuluna imkan yaradır.

Üçüncü yerdə Espresso dayanır. Təxminən 30-45 millilitrlik bir porsiyada adi fincan qəhvə ilə müqayisədə daha az kofein olsa da, içkinin konsentrasiyası yüksəkdir. Kofeinə həssas insanlar espresso qəbulunda diqqətli olmalıdırlar. Həddindən artıq kofein titrəmə, narahatlıq və ürək döyüntüsünün sürətlənməsinə səbəb ola bilər.

Diyetoloqların siyahısında bitki mənşəli südlə hazırlanan qəhvə də yer alıb. Xüsusilə kalsium və D vitamini ilə zənginləşdirilmiş soya südü bu baxımdan faydalı seçim hesab olunur.

Növbəti yerləri soyuq dəmlənmiş qəhvə (Cold Brew), azot əlavə edilərək hazırlanan Nitro Cold Brew və göbələkli qəhvə tutur. Mütəxəssislər soyuq dəmlənmiş qəhvənin ənənəvi isti qəhvədən daha az turşuluğa malik ola biləcəyini, buna görə də reflüks problemi yaşayanlar üçün alternativ sayıldığını bildirirlər. Göbələkli qəhvə isə tərkibində D vitamini, zülal, mis, selen və B qrupu vitaminləri ilə fərqlənir.

Siyahının sonuncu pilləsində həll olunan qəhvə qərarlaşıb. Bu içki də antioksidantlar ehtiva etsə də, bəzi növlərinə əlavə şəkər, quru süd və digər qatqılar daxil edilir. Bu isə onun kalori və yağ miqdarını artıra bilər.

Diyetoloqlar ümumilikdə qəhvəyə artıq şəkər və şirinləşdiricilər əlavə etməməyi, içkinin təbii tərkibini qorumağı məsləhət görürlər. Onların fikrincə, qəhvənin sağlamlıq üçün faydasını artırmaqda düzgün hazırlanma üsulu mühüm rol oynayır.

By admin