Məşhur müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşegül Yıldız şəxsi həyatı, karyerası və keçmiş həyat yoldaşı ilə münasibətləri barədə açıqlamaları ilə gündəmə gəlib.

Qatıldığı tədbirlərdən birində jurnalistlərin suallarını cavablandıran Yıldız həm yeni biznes fəaliyyəti, həm də İbrahim Tatlısəslə hazırkı münasibətləri barədə danışıb.

Son vaxtlar siyasətə başlaması ilə diqqət çəkən Ayşegül Yıldız bu sahədəki fəaliyyətini dayandırdığını və fərqli istiqamət seçdiyini açıqlayıb. Əsas peşəsinin interyer dizaynı olduğunu bildirən Yıldız uzun müddətdir arzuladığı tədbirlərin təşkili və əyləncə sektorunda fəaliyyətə başladığını deyib.

Onun ən çox diqqət çəkən açıqlamalarından biri isə keçmiş həyat yoldaşı İbrahim Tatlısəslə münasibətləri barədə olub.

Yıldız evlilikləri başa çatsa da, aralarında dostluq və qarşılıqlı hörmətin qorunub saxlandığını bildirib.

“Keçmiş evliliyimizdən başqa, İbrahimlə illərdir bir-birimizi tanıyan və birlikdə övladımız olan çox yaxşı dostuq. Ər-arvad münasibətləri bir müddət sonra bitir, insanlar bir-birinin yoldaşına çevrilir”, – deyə o qeyd edib.

Ayşegül Yıldız Tatlısəsin övladlarına münasibətindən də danışıb. Onun sözlərinə görə, müğənni uşaqları üçün əlindən gələni edən atadır.

İbrahim Tatlısəslə münasibətdə olduğu dövrdə aralarındakı yaş fərqinə görə tənqid olunan Yıldız illər sonra bu mövzuya da münasibət bildirib. O, vaxtilə verdiyi qərardan peşman olmadığını və heç kimin başqasının şəxsi həyatı barədə mühakimə yürütmək haqqının olmadığını vurğulayıb.

“Mən onu sevirdim, belə də düşünürdüm. Heç kimin şərh vermək hüququ yoxdur. Hər kəs öz yerini və həddini bilməlidir”, – deyə Yıldız bildirib.

*Tatlısəsin ən böyük səhvini açıqlayıb*

Ayşegül Yıldızın keçmiş həyat yoldaşı haqqında səsləndirdiyi fikirlər də diqqət çəkib. O, İbrahim Tatlısəsi yaxşı niyyətli və ağıllı insan kimi xarakterizə edib, lakin onun ətrafındakılara tez güvənməsini əsas səhvi hesab etdiyini bildirib.

“İbrahim çox yaxşı niyyətli və ağıllı insandır. Onun düşüncə tərzi hiyləgərlik üzərində qurulmayıb. Ən böyük zərbələri etibar etdiyi insanlardan alıb. Onun yeganə səhvi insanlara çox tez inanmasıdır”, – deyə Yıldız əlavə edib.

By admin