Məşhur aktyor Rıza Kocaoğlu qatıldığı proqramda etdiyi pəhriz etirafı ilə gündəmə gəlib.
16 kiloqram arıqlayaraq tamamilə fərqli bir görünüşə sahib olan aktyorun tətbiq etdiyi üsuldan sonra mütəxəssislər ciddi xəbərdarlıq edib.
Rıza Kocaoğlu zəifləmə prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verib. O, 7 gün ərzində yalnız su qəbul etdiyi “su orucu” sayəsində 16 kiloqram çəki itirdiyini bildirib. Formasını qorumaq üçün təkcə pəhrizlə kifayətlənmədiyini deyən Kocaoğlu, idmanı da həyatının mərkəzinə qoyduğunu qeyd edib: “Mən həmişə öz bədən çəkimlə məşq edirəm, boksla məşğul oluram”. Aktyor həmçinin Yeji Qrotovskinin aktyorluq metodlarından ilham aldığını da dilə gətirib.
Sağlam qidalanmaya önəm verdiyini vurğulayan Kocaoğlu, su orucunu müəyyən fasilələrlə tətbiq etdiyini bildirərək bu ifadələri işlədib:
“Su orucu həkim nəzarəti altında edilməli olan bir şeydir. Əvvəlcə 1 gün, sonra 3 gün yoxladım, ən sonda 7 günə çatdırdım. Müayinədən (check-up) keçəndə qaraciyərimdə piylənmə aşkarlanmadı. Dərim parlayır, 4-cü gündən etibarən aclıqdan deyil, enerjidən yata bilmirəm”.
Mütəxəssislər “su pəhrizi” və ya “su orucu” kimi tanınan bu metodun ciddi sağlamlıq riskləri daşıdığına diqqət çəkir. Xüsusilə nəzarətsiz şəkildə tətbiq edildikdə, bu üsulun bədəndə qalıcı fəsadlara yol aça biləcəyi vurğulanır.
Ekspertlərin fikrincə, sürətli çəki itkisini təmin edən üsullar qısamüddətli dövrdə təsirli görünsə də, uzunmüddətli perspektivdə sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. Daimi və sağlam çəki nəzarəti üçün ən təhlükəsiz yol balanslı qidalanma və müntəzəm idman hesab olunur.
