Şençjendə Tramp, Si Cinpin və Putinin üçtərəfli görüşü, qəbul edilən Sülh Bəyannaməsi və liderlərin verdiyi mesajlar dünya siyasətində yeni geosiyasi mərhələnin konturlarını üzə çıxarır. Vaşinqton və Pekin yeni dünya düzəninin əsas güc mərkəzləri kimi ön plana çıxır. Moskva isə bu iki güc arasında strateji tarazlığa təsir edə biləcək əsas aktorlardan biridir. Ancaq bu geosiyasi tənlikdə Avropanın, G7-nin və bütövlükdə kollektiv Qərbin hansı mövqedə dayanacağı hələ açıq qalır.

Dünya siyasətində yeni geosiyasi mərhələnin formalaşması prosesi getdikcə daha aydın görünür. Şençjendə ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən üçtərəfli sammit bu baxımdan sadəcə diplomatik görüş deyil, beynəlxalq münasibətlər sistemində güc balansının yenidən müəyyənləşməsi istiqamətində mühüm siyasi hadisədir.

Görüş bir daha göstərdi ki, yeni dünya düzəninin formalaşmasında iki əsas strateji güc mərkəzi- Vaşinqton və Pekin ön plana çıxır. Moskva isə bu rəqabətdə öz hərbi, nüvə, enerji və geosiyasi potensialı ilə tərəflər arasında balans yarada biləcək mühüm aktor rolunu oynayır.
Əslində, hazırda ABŞ və Çin arasında yalnız iqtisadi və texnoloji üstünlük uğrunda deyil, həm də beynəlxalq münasibətlərin gələcək qaydalarını müəyyənləşdirmək uğrunda mübarizə gedir. Bu mübarizədə Rusiyanın hansı mövqedə dayanacağı isə hər iki paytaxt üçün xüsusi əhəmiyyət daşıyır.

Moskva uğrunda geosiyasi rəqabət: Tramp və Si Cinpin öz tərəfinə çəkməyə çalışır
Mövcud vəziyyət göstərir ki, həm ABŞ, həm də Çin Rusiyanı öz strateji maraqları çərçivəsində mümkün qədər yaxın tərəfdaş kimi görməyə çalışır. Bu, mütləq şəkildə Moskvanın hansısa tərəfin düşərgəsinə keçməsi demək deyil. Əksinə, Rusiya hazırkı geosiyasi şəraitdə hər iki güc mərkəzi ilə münasibətlərindən faydalanaraq öz manevr imkanlarını genişləndirməyə çalışır.
Trampın Putinlə dialoqa xüsusi önəm verməsi, Rusiya liderinə ünvanladığı müsbət mesajlar və üçtərəfli formatda əməkdaşlığa maraq göstərməsi təsadüfi deyil. Vaşinqton anlayır ki, Moskvanın iştirakı olmadan qlobal təhlükəsizlik, nüvə silahlarına nəzarət və Avrasiya məkanındakı bir sıra fundamental məsələlər üzrə hərtərəfli razılaşmalara nail olmaq çətin olacaq.

Pekin üçün də Rusiya faktoru xüsusi əhəmiyyət daşıyır. Çin bir tərəfdən ABŞ-la iqtisadi, texnoloji və geosiyasi rəqabəti davam etdirir, digər tərəfdən Moskva ilə strateji tərəfdaşlığını qoruyub saxlamağa çalışır.

Si Cinpinin sammitdən əvvəl və görüş zamanı Rusiya ilə münasibətlərin möhkəmliyinə dair verdiyi mesajlar da bu kontekstdə diqqət çəkir. Putin isə Rusiya və Çinin daha ədalətli, çoxqütblü dünya nizamının formalaşması ilə bağlı ortaq yanaşmaya malik olduğunu vurğulamaqla Pekinə strateji tərəfdaşlıq mesajı verib.

Beləliklə, Moskva qarşısında yeni imkanlar yaranır. Rusiya nə Vaşinqtonun, nə də Pekinin tam təsiri altına düşmək istəyir. Əksinə, hər iki tərəflə münasibətlərində öz maraqlarını ön plana çıxarmaq, böyük güclər arasındakı rəqabətdən siyasi, iqtisadi və geosiyasi dividendlər əldə etmək niyyətindədir.

Bu baxımdan Putin üçün əsas məsələ yeni dünya düzənində Rusiyanın statusunu qorumaq və beynəlxalq qərarların qəbulunda Moskvanın iştirakını təmin etməkdir.
Üç liderin mesajları

Şençjendəki görüşün əhəmiyyətini artıran məqamlardan biri də sammitdən əvvəl və görüş zamanı liderlərin verdiyi mesajlardır.

Si Cinpin tarixdən dərs çıxarmağın və böyük dövlətlərin ortaq məsuliyyət daşımasının vacibliyini vurğulayaraq üç ölkəni qlobal problemlərin həllində əməkdaşlığa çağırıb.
Putin isə Rusiya, Çin və ABŞ-ın sülh və təhlükəsizliyin qorunmasında ortaq məsuliyyət daşıdığını bildirib. Onun fikrincə, üç dövlət konstruktiv əməkdaşlıq edərsə, qlobal sabitliyin möhkəmləndirilməsinə ciddi töhfə verə bilər.

Trampın çıxışında isə xüsusi məsuliyyət və tarix yaratmaq mesajları ön plana çıxıb. ABŞ lideri bildirib ki, sülh heç vaxt dialoq imkanlarından imtina etməklə əldə edilməyib. O, üç ölkənin nüvə silahları məsələsini müzakirə etmək üçün unikal mövqeyə malik olduğunu vurğulayıb.

Bu açıqlamalarda ortaq bir məqam var: hər üç lider öz ölkəsinin qlobal proseslərdə xüsusi məsuliyyət və təsir imkanlarına malik olduğunu nümayiş etdirir. Eyni zamanda, heç biri digər iki gücün rolunu nəzərə almadan yeni beynəlxalq təhlükəsizlik mexanizminin formalaşdırılmasının mümkünlüyünü irəli sürmür.

Sülh Bəyannaməsi: Üç böyük gücün yeni razılaşma cəhdi
Sammitin yekununda qəbul edilən Sülh Bəyannaməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Sənəddə strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunması, BMT islahatları, enerji təchizatının sabitliyi, dövlət suverenliyinə hörmət, beynəlxalq məhkəmə institutlarının səlahiyyətlərindən sui-istifadə edilməməsi və nüvə risklərinin azaldılması kimi məsələlər əksini tapıb.

Xüsusilə nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığı və belə bir müharibənin heç vaxt aparılmamalı olduğu barədə müddəa diqqət çəkir. Üç dövlət nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması istiqamətində dialoqu davam etdirmək barədə razılığa gəlib.

Bəyannamənin digər mühüm tərəfi BMT-nin islahatı ilə bağlıdır. Təhlükəsizlik Şurasının üç daimi üzvünün təşkilatın qlobal çağırışlara daha effektiv cavab verməsi zərurətini vurğulaması göstərir ki, böyük güclər mövcud beynəlxalq institutların gələcək rolunu da müzakirə predmetinə çevirirlər.

Enerji təhlükəsizliyi məsələsinin sənəddə yer alması isə geosiyasətlə iqtisadiyyatın nə qədər sıx bağlı olduğunu göstərir.

Bununla belə, sənədin Ukrayna və İran müharibələri ilə bağlı konkret razılaşmaları əhatə etməməsi diqqətdən kənarda qalmamalıdır. Deməli, Şençjendə əldə olunan razılaşma hələlik qlobal problemlərin həllinə dair ümumi siyasi çərçivədir. Onun real nəticələri tərəflərin bu prinsipləri praktik siyasətə nə dərəcədə çevirəcəyindən asılı olacaq.

Kollektiv Qərb: Yeni dünya düzənində kimin payı nə qədər olacaq?
Ancaq yeni dünya nizamı ilə bağlı geosiyasi mənzərəni yalnız Vaşinqton-Pekin-Moskva üçbucağı ilə məhdudlaşdırmaq düzgün olmazdı. Çünki bu prosesin digər mühüm iştirakçısı kollektiv Qərb, xüsusilə Avropa İttifaqı, Böyük Britaniya, Kanada və G7 ölkələridir.
Burada ortaya prinsipial bir sual çıxır: ABŞ yeni dünya düzənini Çin və Rusiya ilə münasibətləri əsasında formalaşdırmağa çalışarkən Avropanı və ənənəvi Qərb müttəfiqlərini hansı mövqedə görür?

Əslində, Trampın xarici siyasətində müşahidə olunan əsas xüsusiyyətlərdən biri beynəlxalq münasibətlərə daha çox ikitərəfli razılaşmalar və milli maraqlar prizmasından yanaşmasıdır. Bu yanaşma Vaşinqtonun müttəfiqləri ilə münasibətlərində də özünü göstərir. ABŞ Avropa dövlətlərindən müdafiə xərclərini artırmağı, təhlükəsizlik məsuliyyətinin daha böyük hissəsini üzərinə götürməyi tələb edir.

Lakin Avropanın maraqları təkcə ABŞ-ın təhlükəsizlik strategiyasına bağlı deyil. Ukrayna müharibəsi, Rusiya ilə münasibətlər, enerji təhlükəsizliyi, Çinlə iqtisadi əlaqələr və qitənin müdafiə imkanları Avropa İttifaqının özünün də müstəqil geosiyasi mövqe formalaşdırmasını zəruri edir.

G7 isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiyanı birləşdirən bu platforma qlobal iqtisadiyyat, təhlükəsizlik və beynəlxalq siyasət məsələlərində kollektiv Qərbin mövqeyini uzlaşdırmaq imkanına malikdir.
Noyabrın 9-10-da Parisdə keçirilən G7 xarici işlər nazirlərinin görüşünün yekun bəyanatında da Avropanın təhlükəsizliyinə dair danışıqlarda avropalıların iştirakının vacibliyi xüsusi vurğulanıb. G7 ölkələri Ukraynanın suverenliyinə dəstəyini təsdiqləyib və ABŞ-ın sülh təşəbbüslərinin koordinasiyalı şəkildə davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Bu, çox mühüm mesajdır: Avropa Vaşinqtonun Moskva ilə münasibətlərində əldə edə biləcəyi razılaşmaların sadəcə kənar müşahidəçisi olmaq istəmir.

Deməli, Şençjendə formalaşan üçtərəfli dialoq kollektiv Qərbin gələcək mövqeyi ilə bağlı yeni suallar yaradır. Avropa və G7 bu prosesin iştirakçısı olacaq, yoxsa ABŞ, Çin və Rusiya arasında formalaşan yeni münasibətlər sistemində ikinci plana keçəcək?

Tramp kollektiv Qərbin maraqlaırnı nəzərə alıb, pay verərsə…

Məsələnin ən maraqlı və strateji tərəfi məhz buradadır. Əgər Tramp administrasiyası Çin və Rusiya ilə münasibətlərdə yeni geosiyasi razılaşmalar axtararkən kollektiv Qərbin də maraqlarını nəzərə alsa, proses tamamilə fərqli istiqamətdə inkişaf edə bilər.
Başqa sözlə, Vaşinqton Moskva və Pekinlə münasibətlərdə müəyyən kompromislərə gedərkən Avropanın təhlükəsizlik maraqlarını, G7 ölkələrinin iqtisadi və siyasi mövqelərini də yeni düzənin tərkib hissəsinə çevirə bilər. Bu halda söhbət üç dövlətin öz aralarında dünya siyasətini bölüşdürməsindən deyil, ABŞ-ın rəhbərliyi altında kollektiv Qərbin yeni geosiyasi şərtlərə uyğunlaşdırılmasından gedəcək.

Belə bir ssenaridə Avropaya yeni təhlükəsizlik arxitekturasında daha ciddi rol verilə, G7 qlobal iqtisadi və siyasi koordinasiyanın əsas platformalarından birinə çevrilə bilər. ABŞ isə Çinlə rəqabətdə müttəfiqlərinin iqtisadi, texnoloji və hərbi potensialını daha sistemli şəkildə səfərbər etmək imkanı əldə edər.

Ancaq bunun üçün Vaşinqtonun Avropanı yalnız öz qərarlarını icra edən tərəfdaş kimi deyil, ortaq strateji qərarların qəbulunda iştirak edən güc mərkəzi kimi qəbul etməsi vacibdir.
Bu ssenarinin digər mühüm tərəfi Rusiyadır. Əgər ABŞ Moskva ilə münasibətlərin normallaşdırılması istiqamətində irəliləyərsə, lakin bu proses Avropanın təhlükəsizlik maraqlarını nəzərə almadan aparılarsa, transatlantik münasibətlərdə yeni ziddiyyətlər yarana bilər. Xüsusilə Ukrayna məsələsi belə bir razılaşmanın qarşısında ən ciddi maneələrdən biri olaraq qalacaq.
Əksinə, Avropa da danışıqlar prosesinə cəlb olunarsa, Ukraynanın suverenliyi və təhlükəsizlik təminatları nəzərə alınarsa, ABŞ–Rusiya münasibətlərində mümkün yumşalma Qərbin daxilində parçalanmaya deyil, yeni siyasi konsensusun yaranmasına xidmət edə bilər.

Beləliklə, Trampın qarşısında iki fərqli geosiyasi seçim dayanır: ya Çin və Rusiya ilə münasibətləri əsas götürərək yeni dünya düzəninin konturlarını müəyyənləşdirmək, ya da kollektiv Qərbi bu prosesə cəlb etməklə daha geniş siyasi və iqtisadi ittifaqın əsasını qoymaq.
İkinci variant reallaşarsa, yeni dünya düzəni ABŞ–Çin qarşıdurması ilə məhdudlaşmayacaq. Kollektiv Qərbin iqtisadi, texnoloji, hərbi və diplomatik potensialı da bu qlobal rəqabətin əsas elementinə çevriləcək.

Yeni dünya düzənin əsas mübarizə meydanı olacaq- Avrasiya

Şençjen sammitinin geosiyasi nəticələri xüsusilə Avrasiya məkanı üçün əhəmiyyətlidir. Çünki ABŞ, Çin və Rusiya arasında formalaşacaq münasibətlər bu geniş coğrafiyada təhlükəsizlik arxitekturasına, nəqliyyat-kommunikasiya xətlərinə, enerji marşrutlarına və regional güc balansına birbaşa təsir göstərə bilər.

ABŞ üçün Avrasiyada əsas məsələlərdən biri Çinin təsir imkanlarının genişlənməsinin qarşısını almaq, Rusiyanın isə beynəlxalq təhlükəsizlik məsələlərində iştirakını öz maraqları çərçivəsində təmin etməkdir.

Çin üçün əsas prioritet iqtisadi və nəqliyyat əlaqələrinin təhlükəsizliyini qorumaq, enerji təchizatının davamlılığını təmin etmək və regional təsir imkanlarını genişləndirməkdir.
Rusiya isə postsovet məkanında və daha geniş Avrasiyada özünün geosiyasi mövqelərini qorumağa çalışır.

Burada Avropanın da maraqları xüsusi əhəmiyyət daşıyır. Çünki Avrasiya nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və regional sabitlik təkcə Moskva, Pekin və Vaşinqtonun deyil, Brüsselin də strateji gündəliyinin mühüm hissəsidir.

Məhz bu səbəbdən Moskvanın hansı məsələdə Vaşinqtonla, hansı məsələdə Pekinlə yaxınlaşacağı böyük əhəmiyyət daşıyır. Rusiya faktorunun dəyişməsi Avropadan Mərkəzi Asiyaya, Cənubi Qafqazdan Yaxın Şərqə, Körfəz və İran da daxil olmaqla geniş coğrafiyada yeni siyasi və iqtisadi reallıqlar yarada bilər.

Bu prosesdə Azərbaycan kimi strateji coğrafiyada yerləşən dövlətlərin əhəmiyyəti də artır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı böyük güclər arasındakı rəqabət və əməkdaşlıq proseslərinin təsir göstərdiyi əsas regional mərkəzlərdən biridir.

Xüsusilə Rusiya, Çin və ABŞ arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə də təsirsiz ötüşməyəcək. Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasəti, regional bağlantıların inkişafı və beynəlxalq nəqliyyat marşrutlarındakı mövqeyi bu yeni şəraitdə əlavə strateji əhəmiyyət qazana bilər.

Yeni dünya nizamı ikiqütblü, yoxsa çox qütblü olacaq?

Bütün bunlar onu deməyə əsas verir ki, qarşıdakı dövrdə dünya siyasətində bir neçə mümkün geosiyasi model uğrunda mübarizə gedəcək.
Birinci model ABŞ, Çin və Rusiyanın əsas qərarverici güclər kimi çıxış etdiyi, digər dövlətlərin isə onların razılaşmalarından təsirləndiyi sistemdir. Belə bir modeldə Avropa və G7-nin müstəqil siyasi çəkisi zəifləyə bilər.
İkinci model ABŞ-ın kollektiv Qərbi öz ətrafında birləşdirdiyi, Çin və Rusiya ilə münasibətləri isə qarşıdurma ilə yanaşı dialoq və qarşılıqlı maraqlar əsasında tənzimləməyə çalışdığı çoxmərkəzli sistemdir.

Üçüncü ehtimal isə böyük güclərin vahid bloklar yaratmaq əvəzinə, ayrı-ayrı məsələlər üzrə müxtəlif koalisiyalar formalaşdırmasıdır. Bu halda ABŞ bir məsələdə Çinlə, digər məsələdə Rusiya ilə, başqa bir istiqamətdə isə Avropa və G7 ilə əməkdaşlıq edə bilər. Belə bir sistemdə regional güclərin də manevr imkanları genişlənər.
Əlbəttə, bu ssenarilərin heç biri əvvəlcədən müəyyən edilmiş nəticə deyil. Avropanın öz daxilindəki siyasi fikir ayrılıqları, ABŞ-ın xarici siyasət prioritetləri, Rusiya ilə Qərb arasındakı etimad böhranı və Çinlə iqtisadi rəqabət prosesin istiqamətini dəyişə bilər.
Şençjendəki sammit yeni dünya nizamının artıq tam formalaşdığını deməyə əsas vermir. Lakin böyük güclərin beynəlxalq münasibətlərin gələcəyini üçtərəfli formatda müzakirə etməsi mühüm siyasi siqnaldır.

Əslində, Şençjen görüşünün ən mühüm mesajı budur: yeni dünya nizamı yalnız Vaşinqtonun və ya Pekinin iradəsi ilə formalaşmayacaq. Moskvanın mövqeyi, kollektiv Qərbin bu prosesdə iştirakı, Avropanın strateji seçimləri və Avrasiya məkanında yaranacaq yeni siyasi-iqtisadi reallıqlar da həlledici rol oynayacaq.
İndi əsas sual təkcə Rusiyanın hansı tərəfə yaxınlaşacağı deyil. Əsas məsələ ABŞ-ın öz müttəfiqləri olan Avropa və G7-yə, yeni dünya düzənində nə qədər yer ayıracağı, Moskva və Pekinlə münasibətlərdə hansı kompromislərə gedəcəyi, eyni zamanda bu prosesdə kollektiv Qərbin maraqlarını necə uzlaşdıracağıdır.

Çünki gələcəyin dünya nizamında əsas mübarizə təkcə ərazi və resurslar uğrunda deyil, qlobal qərarların qəbulunda söz sahibi olmaq uğrunda gedir.

By admin