Bıçaqla hotelə basqın edən şəxs orada xadimə işləyən Kəmalə Həsənovadan və qeydiyyatçı vəzifəsində çalışan qızı Minayə Həsənovadan üzərlərindəki qızıl-zinət əşyalarını tələb edib.
Quldurluq yolu ilə qadınlara məxsus ümumilikdə 5 100 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirən şəxs hadisə yerindən uzaqlaşıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, quldurluq hadisəsini törədən şəxs elə “Mandarin” hotelinin icarədarı Xalıq Cahangirov imiş.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstana qaçmağa cəhd edərkən saxlanılıb.
X.Cahangirova qarşı Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb. Onun basqın zamanı istifadə etdiyi maska, əlcək və digər ləvazimatlar yaxınlıqdakı tikilinin ərazisində aşkarlanıb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən cinayəti külli miqdarda borcu olduğu üçün törətdiyini bildirib. Onun ailəsi tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Cahangirov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Mandarin” hotelinin sahibi Rövşən İsgəndərovdur.