Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
İran ətrafında artan gərginliyə toxunan dövlət başçısı problemlərin dialoq və diplomatiya yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə regionda yeni eskalasiyanın qarşısını almaq üçün bütün imkanlarından istifadə edir.
“Biz İrana qarşı yeni hücum dalğası və bölgəmizin daha da qeyri-sabitləşməsini istəmirik. Hər fürsətdə problemlərin dialoq və diplomatiya yolu ilə həll edilə biləcəyini vurğulayırıq. Təəssüf ki, yenidən mənfi eskalasiyadan danışa bilərik. Bunun qarşısını almaq üçün əlimizdən gələni edirik”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə etdiyini və narahatlıqlarını ona çatdırdığını qeyd edib.
Ərdoğan tərəflər arasında sülh və diplomatiya üçün şərait yaratmağa hazır olduqlarını bildirərək, regionun yeni müharibəyə sürüklənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
O əlavə edib ki, münaqişələrin nəticələri yalnız birbaşa qarşıdurmada iştirak edən ölkələrlə məhdudlaşmır. Gərginlik Türkiyədən Körfəz ölkələrinə, İraqdan Suriyaya, Avropadan Asiyaya qədər geniş coğrafiyaya təsir göstərir.
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətindəki diplomatik səylərdən danışan Ərdoğan Türkiyənin sülh prosesində fəal iştirakını davam etdirəcəyini bildirib.
O, ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdırılması istiqamətindəki təşəbbüslərini dəstəklədiklərini vurğulayıb.
“Bu müharibəyə son qoymaq üçün çox səy göstəririk. Trampın səylərini qiymətləndirir və dəstəkləyirik. Müharibənin əvvəlindən Türkiyə bütün reaksiyalara baxmayaraq, həll yolu və sülh tərəfdarı mövqeyini nümayiş etdirib”, – deyə Türkiyə Prezidenti qeyd edib.
Ərdoğan Ankaranın müharibənin dayandırılması üçün həm Rusiya, həm də Ukrayna ilə təmaslarını davam etdirdiyini bildirib. Onun sözlərinə görə, bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə müzakirə edib və yenidən gündəmə gətirəcək.
Türkiyə lideri ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı apardığını və onunla yenidən əlaqə saxlayacağını bildirib.
Ərdoğan Türkiyənin Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində yenidən vasitəçilik etməyə hazır olduğunu xüsusi vurğulayıb.
O, İstanbulda yaradılmış danışıqlar platformasını, taxıl dəhlizi təşəbbüsünü və əsirlərin mübadiləsində Türkiyənin iştirakını Ankaranın sülh prosesindəki rolunun mühüm nümunələri kimi göstərib.